Bakı.Trend:
Sülh, sabitlik, regional əlaqələr, ticarət və qarşılıqlı faydalı investisiyalar Ermənistanın uzunmüddətli iqtisadi artımının əsas amilləridir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Ermənistanın ərazi idarəetməsi və infrastrukturlar nazirinin müavini Davit İvanyan cümə axşamı Dünya Bankı Qrupunun onlayn formatda keçirilən “Orta Dəhliz: növbəti mərhələ” adlı tədbirində çıxışı zamanı deyib.
“Dayanıqlı iqtisadi artım ən çox güclü regional inteqrasiya, inklüziv nəqliyyat əlaqəsi, həmçinin hökumətlər, inkişaf tərəfdaşları, özəl sektor və beynəlxalq maliyyə institutları arasında qarşılıqlı faydalı tərəfdaşlıq vasitəsilə təmin olunur”, - deyə o bildirib.
İvanyan qeyd edib ki, Ermənistan ölkənin inkişaf gündəliyinin yeni paradiqmasını formalaşdırır və bu paradiqmada sülh, sabitlik, regional əlaqələr, ticarət və qarşılıqlı faydalı investisiyalar uzunmüddətli iqtisadi artım, dayanıqlılıq və rifahın əsas amilləri kimi çıxış edir.
Qeyd edək ki, Tbilisidə “Orta Dəhliz: növbəti mərhələ” adlı regional forum keçirilib. Forumda Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan və Türkiyədən hökumətlərin, özəl sektorun, beynəlxalq təşkilatların və digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində “Orta Dəhlizin növbəti mərhələsinin həyata keçirilməsi üçün nələr tələb olunur?” mövzusunda panel müzakirəsi baş tutub. Müzakirədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ahmet Hamdi Atalay, Ermənistanın ərazi idarəetməsi və infrastrukturlar nazirinin müavini Davit İvanyan, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin Nəqliyyat siyasəti departamentinin rəhbəri Fariz Əliyev, Qazaxıstanın nəqliyyat nazirliyinin Dəmir yolu və su nəqliyyatı komitəsi sədrinin müavini Kasım Tlepov, həmçinin Avropa Komissiyasının qarışıq maliyyələşdirmə və investisiyalar üzrə koordinatoru Elis Biginzoli iştirak ediblər.
