“Birliyin Gücü – 2026” hərbi əməkdaşlığın gücləndirilməsinə xidmət edir - Özbəkistanın müdafiə naziri

Cəmiyyət Xəbər 1 Oktyabr 2026 15:39 (UTC +04:00)
“Birliyin Gücü – 2026” hərbi əməkdaşlığın gücləndirilməsinə xidmət edir - Özbəkistanın müdafiə naziri
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Xocavənd. Trend:

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçuları arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, bunu cümə axşamı Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov “Birliyin Gücü – 2026” birgə hərbi təlimində fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması mərasimində deyib.

Nazir bildirib ki, hərbi əməkdaşlığın əsasını Azərbaycan, Özbəkistan və Türkiyə prezidentlərinin, Silahlı Qüvvələrin Ali Baş Komandanlarının siyasi iradəsi təşkil edir.

“Bugünkü təlimdə hərbi qulluqçular yüksək döyüş hazırlığı, peşəkarlıq, nizam-intizam, çeviklik, həmçinin müasir silah və texnikadan istifadə bacarıqlarını nümayiş etdirdilər”, – deyə o qeyd edib.

Şuxrat Xalmuxamedov vurğulayıb ki, təlim hərbi qulluqçular arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, operativ hazırlığın və birgə fəaliyyət imkanlarının artırılmasına şərait yaradır:

“Döyüş təcrübəsinin qarşılıqlı şəkildə bölüşdürülməsi üçün belə imkanların yaradılması mühüm əhəmiyyət daşıyır. Əminəm ki, hərbi qulluqçular bu təlimlərdən böyük döyüş təcrübəsi qazanırlar”.

Nazir hazırkı dövrün çağırışları fonunda hərbi qulluqçuların mürəkkəb döyüş şəraitində müxtəlif əməliyyatların həyata keçirilməsi üzrə hazırlığının yüksəldilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Fürsətdən istifadə edərək bütün hərbi qulluqçulara möhkəm cansağlığı, xidmətlərində uğurlar, xalqlarımıza isə sülh və əmin-amanlıq arzulayıram. Bir daha hər birinizi bugünkü uğurlu təlim münasibətilə təbrik edirəm”, – deyə Şuxrat Xalmuxamedov əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti