Bakı.Trend:
Xaçmaz rayonunda Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 108-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov, digər hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də rayon prokurorluğunun əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Xaçmaz Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev prokurorluq orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı çıxışında Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlardan bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin prokurorluq orqanları tamamilə yeniləşib və müasir tələblərə cavab verən quruma çevrilib.
Rayon prokuroru Rəşad Məmmədov prokurorluq orqanlarının keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, fəaliyyətdə qanunun aliliyi, obyektivlik, ədalət və vətəndaşların hüquqi mənafelərinin qorunması hər zaman əsas prioritet təşkil edir.
Tədbirdə iştirak edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik ediblər. Onlar hüquq pozuntularına qarşı birgə mübarizədə və ictimai təhlükəsizliyin qorunmasında prokurorluq orqanları ilə sıx əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıblar.
