Bakı.Trend:
Belçika biznesi "yaşıl" enerji sahəsində Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
Bu barədə BELGAZERCOM-un sədri Stef Qoris sentyabrın 30-da Bakıda keçirilən üçüncü biznes missiyası çərçivəsində Trend-ə özəl müsahibəsində deyib.
BELGAZERCOM son 18 ay ərzində Azərbaycana artıq üçüncü ticarət missiyasını təşkil edib. Missiyanın tərkibinə logistika şirkəti "Move Intermodal nv", yüksək səviyyəli orijinal italyan mətbəxi üzrə ixtisaslaşan "Giuliano Group", aşağıdan yuxarı suvarma sistemi ilə təbii ot örtükləri (qazon) istehsal edən "G&F Greentech", həmçinin videomeppinq üçün məzmunun hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşan kreativ studiya "Dirty Monitor" daxil olub.
"Biz bilirik ki, Azərbaycan hökuməti bərpa olunan enerjinin inkişafına fəal şəkildə çalışır. Avropaya isə bu enerji resursları lazım olacaq. Yeri gəlmişkən, Belçika şirkətləri artıq bu prosesdə iştirak edir. Onların arasında quruda külək turbinlərinin istehsalı üçün zəruri olan ağır yükqaldırma işləri ilə məşğul olan "Sarens Group" da var. Bu turbinlər elektrik enerjisi istehsal edəcək və həmin enerjinin Qara dənizdən keçən böyük kabel vasitəsilə Avropaya ötürülməsi planlaşdırılır. Biz bu təşəbbüsü alqışlayırıq", - deyə o bildirib.
Qorisin sözlərinə görə, Azərbaycan artıq İtaliyaya və Mərkəzi Avropa ölkələrinə qaz tədarükü də daxil olmaqla, Avropaya enerji resurslarının çatdırılmasında mühüm rol oynayır.
"Belçika bir qədər uzaqda yerləşsə də, hesab edirəm ki, gələcəkdə bərpa olunan enerji getdikcə daha böyük əhəmiyyət kəsb edəcək və bu da sözügedən sahəni bizim üçün xüsusilə maraqlı edir", - deyə o əlavə edib.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, ölkədə bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt təşkil edir. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt həcmində qiymətləndirilir. Bunun 3 000 MVt-ını külək enerjisi, 23 000 MVt-ını günəş enerjisi, 380 MVt-ını bioenerji, 520 MVt-ını isə dağ çaylarının enerjisi təşkil edir.
Azərbaycanda ümumi gücü 2 170 MVt olan bərpa olunan enerji mənbələri əsasında fəaliyyət göstərən elektrik stansiyaları mövcuddur. Onların arasında ümumi gücü 1 443,5 MVt olan 65 hidroelektrik stansiya, gücü 306,5 MVt olan altı külək elektrik stansiyası, gücü 378,2 MVt olan 10 günəş elektrik stansiyası, gücü 37 MVt olan bir bioelektrik stansiya və ümumi gücü 7,3 MVt olan üç hibrid elektrik stansiyası var.
Bərpa olunan enerji mənbələrinin ölkənin enerji sisteminin ümumi quraşdırılmış gücündə payı təxminən 21,5 faiz təşkil edir.
2027-ci ilədək Azərbaycanda ümumi gücü 2 QVt-dan çox olan yaşıl enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bu layihələr arasında yerli və beynəlxalq tərəfdaşlarla birgə reallaşdırılan külək və günəş elektrik stansiyaları xüsusi əhəmiyyət daşıyır.
