Azərbaycan xarici siyasətini çoxkomponentli geosiyasi kimliyini nəzərə alaraq inkişaf etdirir – Prezidentin köməkçisi

Siyasət Xəbər 2 Oktyabr 2026 10:21 (UTC +04:00)
Azərbaycan xarici siyasətini çoxkomponentli geosiyasi kimliyini nəzərə alaraq inkişaf etdirir – Prezidentin köməkçisi
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan xarici siyasətdə çoxkomponentli geosiyasi kimliyinə əsaslanan yanaşma inkişaf etdirir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA 2026 Regional Forumunun ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonra Azərbaycan Cənubi Qafqazda yeni status-kvo formalaşdırıb.

“Biz Cənubi Qafqaz regionunda yeni status-kvo bərqərar etmişik. Bu status-kvo ədalətə, tarixi reallığa, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır və biz bunu qoruyub-saxlayacağıq”, – deyə H.Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti də dəyişikliklərə məruz qalır.

“Münaqişəyə qədər biz Azərbaycanın xarici siyasətini və strateji düşüncəmizi geosiyasi çərçivələrə salırdıq. İndi isə biz bu çərçivələrdən kənara çıxırıq və bunu Azərbaycanın çoxkomponentli geosiyasi kimliyi adlandırırıq”, – deyə H.Hacıyev qeyd edib.

O bildirib ki, Azərbaycan eyni zamanda bir neçə regional məkanın tərkib hissəsidir.

“Biz Qafqaz ölkəsiyik. Bəli, biz bu regiona aidik, lakin eyni zamanda daha geniş Xəzər regionunun da bir hissəsiyik və bu yaxınlarda Mərkəzi Asiyanın tamhüquqlu üzvünə çevrilmişik. Biz özümüzü həmçinin daha geniş Mərkəzi Asiyanın bir hissəsi hesab edirik”, – deyə H.Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan həmçinin Avropa, Yaxın Şərq və daha geniş Qara dəniz regionu ilə bağlıdır. “Bütün bu elementlər bir-biri ilə rəqabət aparmır, əksinə, bir-birini tamamlayır”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

H.Hacıyev həmçinin qeyd edib ki, Yaxın Şərqdə böhranların yaşandığı şəraitdə Azərbaycan müxtəlif tərəflər arasında dialoqa yardım göstərməyə hazır olan tərəfdaş kimi çıxış edir.

“Yaxın Şərqdə gördüyünüz kimi, Azərbaycan arzuolunan tərəfdaşdır, eyni zamanda sakit diplomatiya həyata keçirir və müxtəlif tərəflər arasında dialoqa yardım göstərir. Bu da Azərbaycanın yeni geosiyasi və xarici siyasət düşüncəsidir”, – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti