Bakı. Trend:
Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın.
Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı.
Qeyd edək ki, Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.
Qurultaya YAP-ın rayon və şəhər təşkilatları tərəfindən 960 nümayəndə seçilib.
VIII Qurultaya hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib. Həmin konfranslarda ümumilikdə 16 239 nəfər iştirak edib.
Hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib, əldə olunan nəticələr müzakirə edilib.
