Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev

Siyasət Xəbər 2 Oktyabr 2026 09:58 (UTC +04:00)
Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanla Ermənistan arasında sülhü yalnız kağız üzərində təsbit etmək deyil, həm də onun praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 regional forumunun ikinci günündə çıxışı zamanı deyib.

“Biz həmişə deyirdik ki, müharibədə qalib gəlmişik, lakin daha bir işi görmək – sülhdə də qalib gəlmək vacib idi. Bu, həqiqətən də çətin vəzifədir”, – deyə H.Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan bu gün faktiki olaraq sülh şəraitində yaşayır, lakin sülh prosesi yalnız kağız üzərində qalmamalıdır.

“Biz faktiki olaraq yerdə sülh şəraitindəyik, lakin sülh kağız üzərində qalmamalıdır”, – Prezidentin köməkçisi vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edəcək, sülhə əsaslanan regional arxitektura formalaşdırmağa çalışır.

H.Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların dəyişdirilməsini gözləyir.

“Bundan sonra, düşünürəm ki, yekun sülh sazişinin imzalanması reallığa çevriləcək”, – deyə o bildirib.

Bununla yanaşı, Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan yalnız Ermənistanın Baş naziri Nikol Paşinyanın hökuməti ilə deyil, həm də erməni xalqı ilə sülh bağlamaq istəyir.

“Biz bu sülhü erməni xalqı ilə bağlamaq istərdik”, – deyə H.Hacıyev bildirib.

O əlavə edib ki, Azərbaycanla Ermənistan arasında artıq ticarət və biznes əlaqələri inkişaf edir, həmçinin bir neçə il əvvəl mümkünsüz görünən etimadın möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti