Bakı.Trend:
Azərbaycan və Mərkəzi Asiya ölkələri birlikdə Avrasiyanın nəqliyyat və kommunikasiya mənzərəsinin dəyişdirilməsi üzərində çalışırlar.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 regional forumunun ikinci günündə çıxışı zamanı deyib.
“Biz Mərkəzi Asiyadakı dostlarımız və tərəfdaşlarımızla birlikdə bütün Avrasiyanın nəqliyyat və kommunikasiya mənzərəsini dəyişdirməyə çalışırıq”, – deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, əlaqəlilik Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir və regionun beynəlxalq bazarlara çıxışını genişləndirməsinə imkan verir.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb arasında formalaşan əlaqələrin mərkəzində yerləşir. “Daha geniş Avrasiya qitəsinin tam mərkəzində Azərbaycan və Mərkəzi Asiya Çindən Qərbə, eləcə də əks istiqamətdə – Şərqdən Qərbə qədər yeni bağlantılar yaradır”, – deyə o bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan nəqliyyat bağlantılılığını yalnız Mərkəzi Asiya ölkələri ilə deyil, digər tərəfdaşlarla da inkişaf etdirir və bunu daha geniş Avrasiya əməkdaşlığının praktiki elementi kimi nəzərdən keçirir. Onun sözlərinə görə, nəqliyyat əlaqələrinin inkişafı Azərbaycanın müxtəlif regionlarla iqtisadi əməkdaşlığının genişlənməsi fonunda baş verir.
O qeyd edib ki, Azərbaycan son illərdə ABŞ, Çin və Avropa İttifaqı ilə münasibətləri strateji səviyyəyə yüksəldib. “Son iki il ərzində üç qlobal güclə strateji tərəfdaşlıq münasibətləri qurmağa nail olmuşuq. Bunlar ABŞ, Çin və Avropa İttifaqıdır”, – deyə H.Hacıyev bildirib.
Azərbaycanın xarici siyasətinin prinsiplərindən danışan Prezidentin köməkçisi qeyd edib ki, ölkə strateji muxtariyyət, suverenlik və müstəqillik prinsiplərinə söykənir. “Azərbaycan hər zaman strateji muxtariyyəti, suverenlik və müstəqillik prinsiplərini rəhbər tutur, çünki bu, bizim üçün strateji aktivdir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti həmçinin proqnozlaşdırıla bilənlik, şəffaflıq və açıqlıq prinsiplərinə əsaslanır. “Biz həmçinin hesab edirik ki, xarici siyasət eksklüziv olmamalıdır, bizim üçün bu, inklüziv prosesdir. Bir tərəfdaşla münasibətlərimizin olması onların başqa bir tərəfə qarşı yönəlməli olduğu anlamına gəlmir”, – deyə H.Hacıyev vurğulayıb.
