Bakı.Trend:
Azərbaycan karbohidrogen ixracatçısı olmaqla yanaşı, yaşıl enerjinin inkişafını da fəal şəkildə davam etdirir və yaşıl texnologiyalar əsasında elektrik enerjisi ixracatçısına çevrilir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA Regional Forumunun ikinci günündə çıxışı zamanı deyib.
“Biz Mərkəzi Asiyanın potensialını Azərbaycanın potensialı ilə birləşdirərək bu enerji potensialını Avropa qitəsinə yönəldirik”, – deyə Prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev vurğulayıb ki, yaşıl enerjinin inkişafında realist yanaşma zəruridir. Onun sözlərinə görə, rəqəmsal texnologiyaların və süni intellektin inkişafı ilə əlaqədar olaraq Avropanın elektrik enerjisinə tələbatı artacaq. O, həmçinin enerji təhlükəsizliyinin təmin edilməsində karbohidrogenlərin rolunun davam etdiyini qeyd edib.
“Karbohidrogenlər olmadan tam enerji təhlükəsizliyini təmin edə bilmərik”, – deyə Prezidentin köməkçisi bildirib.
Onun sözlərinə görə, Azərbaycan ümumavropa enerji təchizatçısı kimi çıxış etməyə və Avropanın enerji təhlükəsizliyini təmin etməyə davam edir. H.Hacıyev qeyd edib ki, enerji ilə yanaşı, nəqliyyat və digər qarşılıqlı əlaqələrin inkişafı da mühüm əhəmiyyət daşıyır:
“Bütün bu elementlər Azərbaycanın iqtisadi diplomatiyasının yeni konsepsiyasının tərkib hissəsidir”.
Onun fikrincə, daha geniş Xəzər regionu yeni investisiya, biznes və əməkdaşlıq dalğası üçün yeni istiqamətə çevrilə bilər.
