Türkiyədə leysan yağışlarla bağlı "sarı" xəbərdarlıq elan olunub

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 12:10 (UTC +04:00)
Türkiyədə leysan yağışlarla bağlı "sarı" xəbərdarlıq elan olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin bir çox ərazilərində, o cümlədən Mərkəzi Anadolu və İstanbulda leysan yağışlar və qasırğa ilə bağlı “sarı” xəbərdarlıq elan olunub.

Bu barədə “Haber 7” məlumat yayıb.

Türkiyənin Meteorologiya Baş İdarəsinin son proqnozlarına görə, bu gün Mərmərə (Ədirnə istisna olmaqla), Şərqi Aralıq dənizi, Mərkəzi Anadolunun şərqi, Orta Qara dənizin sahilyanı əraziləri, Şərqi Qara dəniz, Şərqi və Cənub-Şərqi Anadolu, eləcə də Muğla və Karaman ətrafında, İzmirin şimal rayonlarında, Antalyanın qərb və şərq rayonlarında, Tokatın şərqində leysan və göy gurultulu leysan yağışları yağacağı gözlənilir.

Yağıntıların İstanbul, Adana, Osmaniyə, Sinop, Ərzincan, Tunceli, Elazığ ətrafında, Kırklareli, Tekirdağ və Çanaqqalanın şərqində, Kocaelinin qərbində, Balıkəsir və Malatyanın şimalında, Hatayın qərbində, Kastamonunun şimal hissələrində, Rizenin şərq rayonlarında və Artvinin şimal hissələrində güclü olacağı proqnozlaşdırılır.

Küləyin Qara dənizin qərb hissəsi, Mərmərə və Şimali Egey sahillərində şimal istiqamətindən(50-70 km/saat), Şərqi Anadolunun cənub-şərqində isə cənub istiqamətlərdən güclü (40-60 km/saat) əsəcəyi gözlənilir.

Adana, Balıkəsir, Çanaqqala, Hatay, İstanbul, Kastamonu, Kırklareli, Kocaeli, Sinop, Tekirdağ və Osmaniyə üçün “sarı” kodlu xəbərdarlıq elan edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti