TRIPP Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh üçün əsas yaradacaq

İqtisadiyyat Xəbər 2 Oktyabr 2026 11:30 (UTC +04:00)
TRIPP Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh üçün əsas yaradacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh üçün əsas yaradacaq.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə günü ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.

O, ABŞ və region ölkələrinin TRIPP layihəsinə, eləcə də marşrutun inkişafına investisiyaların yatırılmasına sadiqliyini qeyd edib.

“Hazırda ABŞ-nin TRIPP-də iştirak edən ölkələrlə birlikdə həm şərq istiqamətində – Mərkəzi Asiyaya doğru, bu marşrutun uzadılması məqsədilə, həm də qərb istiqamətində – Naxçıvan da daxil olmaqla Azərbaycanın qalan hissəsindən keçməklə Türkiyəyə qədər investisiyaların inkişaf etdirilməsinə sadiqliyi var”, – deyə Brayza əlavə edib.

O izah edib ki, Tramp marşrutu və ya Zəngəzur dəhlizi 42 kilometr uzunluğunda dəhlizdir. “Bu, avtomobil yollarını, dəmir yolunu, sabit rabitəni, elektrik enerjisini əhatə edən, bütün bu bağlantı vasitəsilə Ermənistanı regional iqtisadiyyata inteqrasiya edən və iqtisadi əlaqəlilik yolu ilə uzunmüddətli, dayanıqlı və əbədi sülh üçün əsas yaradan dəhlizdir”, – deyə o bildirib.

Brayzanın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına şəxsən sadiqdir.

“Prezident Tramp şəxsən dərindən bu prosesə cəlb olunub və ABŞ-nin Azərbaycan və Ermənistana sülhü möhkəmləndirməkdə köməklik göstərməsinə sadiqdir”, – deyə o bildirib.

Brayzanın qeyd etdiyi kimi, ABŞ Prezidentinin prosesdə şəxsən iştirakı sülh nizamlanmasına siyasi çəki verib.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti