CAMCA vahid regional ekosistem kimi formalaşmalıdır – Orxan Mustafayev

İqtisadiyyat Xəbər 2 Oktyabr 2026 14:53 (UTC +04:00)
CAMCA vahid regional ekosistem kimi formalaşmalıdır – Orxan Mustafayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

CAMCA regionu ayrı-ayrı ölkələr kimi deyil, vahid ekosistem kimi nəzərdən keçirilməli və biznesin genişlənməsi üçün ümumi imkanlar yaradılmalıdır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “Sabah Investment Group”un təsisçisi və Direktorlar Şurasının sədri Orxan Mustafayev cümə günü Bakıda keçirilən CAMCA Regional Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, sahibkar kimi məsələyə siyasətçi deyil, biznes nümayəndəsi mövqeyindən yanaşır və regionda biznesin inkişafı üçün ölkələr arasında daha sıx inteqrasiyanın vacib olduğunu düşünür.

“Bizim əsas fəaliyyət istiqamətimiz daşınmaz əmlak sektorudur və son 16 il ərzində bu sahəyə fokuslanmışıq. Hazırda CAMCA regionunda, o cümlədən Gürcüstan və Özbəkistanda fəaliyyətimizi genişləndiririk. Birləşmiş Ərəb Əmirlikləri, İsrail və İtaliyadan olan tərəfdaşlarımızla birlikdə bu bazarlara daxil oluruq. Bu, platformamıza inanan və kifayət qədər şaxələndirilmiş investor portfelidir”, – deyə O.Mustafayev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrə ayrı-ayrılıqda yanaşmaq əvəzinə, CAMCA-nın vahid ekosistem kimi nəzərdən keçirilməsi biznesin miqyasının daha asan genişləndirilməsinə imkan verə bilər.

“Əlbəttə, bütün ölkələrdə siyasət və qaydaların tamamilə eyni olması mümkün deyil. Lakin onların bir-birinə çox yaxın olması mümkündür. Bu halda həmin bazarlarda daha asan miqyaslana və inkişaf edə bilərik”, – deyə o əlavə edib.

O.Mustafayev Gürcüstan və Özbəkistanda dövlət, biznes və dövlət-biznes əməkdaşlığı istiqamətində həyata keçirilən yanaşmaların maraqlı nümunələr olduğunu bildirib.

“Biz Gürcüstandakı yanaşmalardan bəzi maraqlı məqamları götürür və onları Azərbaycanda tətbiq etməyə çalışırıq. Bəzən isə həmin mexanizmlərdən daha səmərəli şəkildə istifadə etməyə çalışırıq”, – deyə o bildirib.

Sahibkar region ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin biznes layihələrinin maliyyələşdirilməsi, istehsalı və satışının müxtəlif ölkələrdə həyata keçirilməsinə şərait yarada biləcəyini vurğulayıb.

“Təsəvvür edin ki, texnologiya ideyası Azərbaycanda yaranır, kapital Qazaxıstanda cəlb olunur, istehsal Gürcüstanda həyata keçirilir, Özbəkistanda isə tərəfdaş tapılır. Bundan sonra uğurlu biznesi bütün CAMCA regionunda genişləndirmək mümkündür. Bu zaman yaradılmış biznesi və onun fəaliyyət modelini anlayan daha böyük və hazır bazar yaranır”, – deyə O.Mustafayev qeyd edib.

O bildirib ki, biznes yaratmaq nisbətən asan olsa da, onun dayanıqlılığını təmin etmək, fəaliyyətini genişləndirmək və miqyasını böyütmək daha çətindir.

“Biznes yaratmaq çox asandır. Lakin onu dayanıqlı saxlamaq, genişləndirmək və miqyasını artırmaq çox çətindir. 200, 100, hətta 50 və ya 500 nəfərin çalışdığı şirkətin rəhbəri olmaq sahibkara böyük məsuliyyət yükləyir. Biznes böyüdükcə həmin insanların hər birinə görə məsuliyyət daşıyırsınız”, – deyə o vurğulayıb.

O.Mustafayev CAMCA-nı regionda biznesin inkişafı və ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün mühüm imkan kimi qiymətləndirib.

“CAMCA mənim üçün bir fürsətdir. Düşünürəm ki, bu, siyasətləri və hədəfləri müəyyən qədər vahidləşdirmək üçün yaxşı platforma və alət ola bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, regionda startapların, eləcə də kiçik və orta biznesin inkişafı üçün həm dövlət, həm də özəl sektor tərəfindən imkanlar yaradılır.

“Əlbəttə, Silikon Vadisində çoxlu imkanlar var. Lakin mənim fikrimcə, Yaxın Şərqdə, xüsusilə Dubay, Əbu-Dabi və Qətərdə də startaplara böyük həcmdə investisiya yatırmaq potensialına malik kapital mövcuddur. Eyni zamanda, CAMCA regionunda daşınmaz əmlak, tikinti və inkişaf sektorlarının fəaliyyətini asanlaşdıran startaplara özəl sektor tərəfindən investisiya yatırılması ilə bağlı yaxşı nümunələr var”, – deyə O.Mustafayev qeyd edib.

O, Azərbaycanda startapların inkişafı üçün mövcud mexanizmlərin müəyyən səviyyədə effektiv olduğunu və dövlət dəstəyi, subsidiyalar və özəl sektor investisiyaları hesabına fəaliyyət göstərən çoxsaylı kiçik və orta sahibkarlıq subyektlərinin olduğunu bildirib.

“CAMCA-nı biznesin asanlıqla miqyaslana bildiyi uğurlu regional platformaya çevirmək üçün sahibkar kimi üç əsas məqamı vacib hesab edirəm”, – deyə o bildirib.

Onun sözlərinə görə, ilk məsələ vaxt və qaydaların sadəliyidir.

“Vaxt kapitaldır. Bütün qayda və tənzimləmələr çox aydın və sadə olmalıdır, məlumatlar isə tam şəffaf və dəqiq təqdim edilməlidir. Mən sadəcə kompüterimdən sistemə daxil olmaq və bütün məlumatları ekranda görmək istəyirəm”, – deyə O.Mustafayev vurğulayıb.

İkinci əsas məsələni kapitala çıxış kimi qeyd edən sahibkar CAMCA regionunda fəaliyyət göstərən bizneslərin müxtəlif maliyyə mənbələrinə çıxışının təmin edilməsinin vacibliyini bildirib.

“CAMCA çərçivəsində hər hansı biznes həyata keçiririksə, ehtiyac yarandıqda maliyyə cəlb etmək üçün ailə ofislərinə, institusional investorlara və digər maliyyə mənbələrinə çıxışımız olmalıdır”, – deyə o qeyd edib.
O.Mustafayev üçüncü vacib istiqamətin isə siyasət və qanunvericilik olduğunu bildirib.

“Əminəm ki, CAMCA ölkələrindən istənilən birinə beynəlxalq səviyyədə tanınan qanunvericilik tətbiq edilərsə, böyük institusional investorlar həmin ölkəyə daha rahat daxil olarlar. Məsələn, İngiltərə, Sinqapur və digər ölkələrin hüquq sistemlərinə əsaslanan mexanizmlər investorların özlərini daha rahat hiss etməsinə, aktivlərini burada yerləşdirməsinə və CAMCA regionuna bütövlükdə uzunmüddətli investisiya kimi baxmasına imkan verə bilər”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti