3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu - RƏY

Siyasət Rəy 2 Oktyabr 2026 14:09 (UTC +04:00)
3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu - RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

3 oktyabr 1993-cü il Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Həmin gün keçirilmiş prezident seçkilərində xalqımız böyük etimad göstərərək Ümummilli Lider Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.

Bunu Milli Məclisin deputatı Afət Həsənova Trend-ə açıqlamasında deyib.

Deputat bildirib ki, bu seçim yalnız hakimiyyət dəyişikliyi deyil, ölkənin gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsi, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi baxımından tarixi hadisə idi:

"1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə mürəkkəb siyasi və hərbi vəziyyətlə üzləşmişdi. Ölkə daxilində qeyri-sabitlik, idarəetmədə ciddi problemlər, iqtisadi böhran və Ermənistanın hərbi təcavüzü müstəqilliyimiz üçün böyük təhlükələr yaratmışdı. Belə bir şəraitdə xalqın Heydər Əliyevə göstərdiyi etimad Azərbaycanın qarşısında yeni perspektivlər açdı. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin təmin olunması, dövlət institutlarının formalaşdırılması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilməyə başlandı.

Heydər Əliyevin dövlətçilik siyasətinin ən mühüm xüsusiyyətlərindən biri qarşıya uzunmüddətli strateji hədəflərin qoyulması idi. Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması dövlət quruculuğunun hüquqi əsaslarının möhkəmləndirilməsində mühüm mərhələ oldu. Hakimiyyət bölgüsü, insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı kimi prinsiplər ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi".

Deputat qeyd edib ki, Ulu Öndərin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də güclü iqtisadi təməlin yaradılması idi:

"Bazar iqtisadiyyatına keçidin sürətləndirilməsi, sahibkarlığın inkişafına şərait yaradılması, xarici investisiyaların ölkəyə cəlb edilməsi Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə xidmət etdi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” isə Azərbaycanın enerji strategiyasının əsasını qoymaqla yanaşı, ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi.

Eyni zamanda, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi və milli maraqlara əsaslanan tarazlaşdırılmış xarici siyasətin həyata keçirilməsi Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun əsas istiqamətlərindən oldu. Azərbaycan tədricən beynəlxalq layihələrin fəal iştirakçısına və regionda mühüm siyasi-iqtisadi tərəfdaşa çevrildi.

Ümummilli Liderin müəyyən etdiyi azərbaycançılıq ideologiyası da milli həmrəyliyin möhkəmləndirilməsində xüsusi rol oynadı. Azərbaycançılıq dövlətçilik, milli-mənəvi dəyərlər, Vətənə bağlılıq və bütün dünya azərbaycanlılarının vahid milli ideya ətrafında birləşməsi baxımından mühüm ideoloji əsas formalaşdırdı".

A.Həsənova bildirib ki, bu gün 3 oktyabr 1993-cü ilin tarixi əhəmiyyətinə nəzər salarkən həmin gün xalqın verdiyi qərarın Azərbaycanın sonrakı inkişafında oynadığı böyük rolu aydın görürük:

"Müstəqilliyimizin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi inkişaf strategiyasının yaradılması və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi məhz həmin dövrdə formalaşdırılmış siyasi kursun əsas nəticələridir.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır” fikri onun dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edir. Azərbaycan xalqı bu gün də müstəqilliyini ən böyük milli sərvətlərindən biri kimi qoruyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət isə müstəqil dövlətimizin daha da qüdrətlənməsinə, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə və qarşıya qoyulan yeni strateji hədəflərə doğru inamla irəliləməsinə xidmət edir".

Xəbər lenti

Xəbər lenti