Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Cəmiyyət Xəbər 2 Oktyabr 2026 16:11 (UTC +04:00)
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Bakı. Trend:

Konstitusiyanın Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 1-2 oktyabr tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının VII Konqresində iştirak edib. Konqres rəqəmsallaşma və süni intellekt şəraitində konstitusiya ədalət mühakiməsi mövzusuna həsr edilib.

Rəsmi açılışında Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin Konqres iştirakçılarına ünvanlanan məktubu səsləndirilib.

Açılış nitqlərindən sonra tədbirin praktiki hissəsində Assosiasiyanın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə məsələlər nəzərdən keçirilib, hesabatlar dinlənilib, Assosiasiyanın genişləndirilməsi, konstitusiya ədalət mühakiməsi sahəsində fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin Səmərqənd Bəyannaməsinin layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra plenar iclaslarda “Rəqəmsallaşma və süni intellekt şəraitində konstitusiya ədalət mühakiməsi: hakimlərin müstəqilliyinin, insan hüquqlarının müdafiəsinin və hüququn aliliyinin təmin edilməsinin hüquqi təminatları” və “Konstitusiya ədalət mühakiməsinin rəqəmsallaşdırılması və konstitusiya nəzarətinin həyata keçirilməsində süni intellektin tətbiqi: imkanlar, hüquqi hüdudlar və təminatlar” məsələləri üzrə məruzələr dinlənilib və müasir dövrdə konstitusiya ədalət mühakiməsinin qarşısında duran aktual məsələlər geniş müzakirə edilib. Müzakirələr zamanı rəqəmsal texnologiyaların və süni intellektin konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsində yaratdığı imkanlar, bu texnologiyaların tətbiqinin hüquqi əsasları və hüdudları, insan hüquq və azadlıqlarının, hüququn aliliyinin və hakimlərin müstəqilliyinin etibarlı təmin olunması məsələlərinə diqqət yetirilib.

Konqresdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Məhkəmə aktlarının, o cümlədən Konstitusiya Məhkəməsi qərarlarının hazırlanmasında analitik alət kimi süni intellektin tətbiqi hədləri” mövzusunda məruzə ilə çıxış edib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransına (TÜRK-AY) üzv olan konstitusiya məhkəmələrinin işçi iclası keçirilib, həmin quruma üzv məhkəmələr arasında əməkdaşlığın inkişaf perspektivləri və gələcək fəaliyyət istiqamətləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti və Özbəkistan Respublikası Konstitusiya Məhkəməsinin sədri Mirza-Uluqbek Abdusalomovun başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşlərdə iki ölkə arasında konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın inkişafı, habelə təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Konqresin yekununda Səmərqənd Bəyannaməsi qəbul olunub.

Xəbər lenti

Xəbər lenti