Bakı. Trend:
Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik reyslərin sayı artırılacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, 2026-cı il noyabrın 1-dən marşrut üzrə hərəkət cədvəli yenilənəcək. Əlavə səhər reyslərinin təşkili ilə gündəlik reyslərin sayı 2-dən 4-ə çatdırılacaq.
Əlavə reyslərə biletlər oktyabrın 2-dən satışa çıxarılıb.
Qeyd edək ki, 2026-cı il noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatına görə, əlavə reyslərin təyin edilməsi beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanmasına və səyahət imkanlarının genişləndirilməsinə xidmət edir.
Əlavə reyslərdə standart sinif — əvvəlki plaskart vaqonlar üzrə biletlərin qiyməti 36 manatdan başlayacaq. Bakıdan Tbilisiyə bir istiqamət üzrə minimum gediş haqqı 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edəcək. Hazırda “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı Bakıdan 77,50 manat, Gəncədən isə 56,80 manatdır. Yeni reyslər sərnişinlərə təxminən 30 faiz daha ucuz səyahət imkanı yaradacaq. Əlavə reyslərə biletlər oktyabrın 2-dən satışa çıxarılır.
Yenilənmiş hərəkət cədvəlinə əsasən, hazırda istismarda olan qatar Bakıdan saat 23:00-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə isə Tbilisidən saat 11:00-da hərəkətə başlayacaq və saat 20:26-da Bakıda olacaq. Əlavə reys üzrə qatar Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Tbilisiyə çatacaq. Tbilisidən saat 22:00-da yola düşən qatar isə növbəti gün saat 07:57-də Bakıya çatacaq. Beləliklə, sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da təqdim olunacaq.
Marşrut üzrə onlayn bilet alışı qaydalarında da yeniliklər edilib. ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində qeydiyyatdan keçmiş sərnişinlər bilet almaq üçün şəxsi kabinetlərini MyGov ID vasitəsilə verifikasiya etməlidirlər. Bunun üçün müvafiq bölməyə FİN kodunun daxil edilməsi tələb olunur. Xarici ölkə vətəndaşları isə vətəndaşı olduqları ölkənin adını və həmin ölkəyə aid telefon nömrəsini daxil edərək nömrəni SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodu ilə təsdiqləməlidirlər. Əvvəllər qeydiyyatdan keçmiş xarici istifadəçilər də bilet almaq üçün telefon nömrələrini təsdiqlətməlidirlər.
ADY bildirib ki, əlavə reyslərin istifadəyə verilməsi tərəflərin birgə apardığı texniki və təşkilati hazırlıq işlərinin başa çatdırılmasından sonra mümkün olub.
