Bakı.Trend:
Orta Dəhliz təkcə Çinlə Avropa arasında tranzit marşrutu kimi nəzərdən keçirilməməlidir, o həm də iqtisadiyyatın və regional əməkdaşlığın inkişafına xidmət etməlidir.
Trend-in müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda PMCG konsaltinq şirkətinin prezidenti Aleks Aleksandrişvili deyib.
Onun sözlərinə görə, tarixən regional əməkdaşlıq və nəqliyyat dəhlizləri yalnız coğrafi mövqenin təsiri altında deyil, həm də müəyyən tarixi şəraitin nəticəsində formalaşıb.
"Əlbəttə, coğrafi mövqe mövcuddur, lakin biz bundan istifadə etməli və onu mümkün qədər səmərəli şəkildə tətbiq etməliyik. Qafqaz və Mərkəzi Asiya ölkələrində əvvəllər institusional regional əməkdaşlıq modeli olmayıb. Bunun üçün heç vaxt hər hansı institusional modelimiz olmayıb, yalnız ayrı-ayrı layihələr olub. Hələ də belə olaraq qalan əsrin layihəsi Bakı - Tbilisi - Ceyhan layihəsidir. Bu, iqtisadi əməkdaşlıq baxımından həqiqətən çox maraqlı və mühüm bir sıçrayış idi", - deyə o bildirib.
Aleksandrişvili qeyd edib ki, XXI əsrdə bu istiqamətdə, xüsusilə Mərkəzi Asiya və Qafqaz ölkələri arasında koordinasiyanın inkişafı baxımından çoxsaylı dəyişikliklər baş verir.
"Orta Dəhliz anlayışı bəzən yanlış təsəvvür yarada bilər. Çünki sual yaranır: onun vəzifəsi yalnız yüklərin yola salındığı və təyinat məntəqələrini birləşdirmək və Çinlə Avropa arasında konteynerlərin tranzitini təmin etməkdən ibarətdirmi? Belə əməkdaşlığın iqtisadi dəyəri bundan ibarətdirmi? Əlbəttə ki, xeyr", - deyə PMCG prezidenti bildirib.
O, Gürcüstanı nümunə göstərərək qeyd edib ki, bu ölkənin ərazisindən keçid təxminən yeddi saat çəkir.
"Hətta sürücünün dayanacaqlarını və digər amilləri nəzərə alsaq belə, dəhlizə yalnız tranzit marşrutu kimi baxıldıqda, bu, nəticə etibarilə əhəmiyyətli dəyər yaratmır. Dəhlizin fəaliyyəti prosesində yaradılan əlavə dəyər iqtisadiyyatın gələcək inkişafına xidmət etməlidir. Buna görə də hesab edirəm ki, əsas əhəmiyyət daşıyan məhz bağlantılılıq və iqtisadi əməkdaşlıqdır, dəhlizin özü deyil. Əlbəttə, dəhliz çox vacibdir, fiziki infrastruktur da çox vacibdir, lakin bunlar kifayət deyil", - deyə o bildirib.
