Bakı.Trend:
Səudiyyə Ərəbistanı Yəmən hökuməti ilə birlikdə üsyançı “Ənsar Allah” hərəkatının (husilər) mövqelərinə qarşı “genişmiqyaslı hücum” keçirməyi planlaşdırır, lakin ABŞ hələlik bu əməliyyatda iştirak etməyə hazır deyil.
Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı hökuməti artıq bir neçə həftə ərzində ikinci dəfə ABŞ-dən əməliyyata qoşulmağı və husilərin mövqelərinə hava zərbələri endirməyi xahiş edib, lakin Vaşinqton bu müraciəti təmin etməyib. Adının açıqlanmasını istəməyən amerikalı məmur vurğulayıb ki, əməliyyat zamanı “problemlər yaranarsa, vəziyyət dəyişə bilər”.
Bundan əlavə, “Axios” iddia edib ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp husilərin mövqelərinin bombalanmasına dair əmr vermək “ərəfəsində olub”, lakin nəticədə “bir qədər gözləməyə qərar verib”. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı münaqişədə birbaşa iştirakın əleyhinə çıxıb.
Portalın yazdığına görə, hərbi plan Səudiyyə Ərəbistanı tərəfindən bir neçə həftə ərzində hazırlanıb və ölkə hökuməti tərəfindən bir neçə gün əvvəl təsdiqlənib. Digər bir məmurun sözlərinə görə, ABŞ birbaşa hərbi iştirak istisna olmaqla, Səudiyyə Ərəbistanına bütün sahələrdə, əsasən kəşfiyyat məlumatlarının təqdim edilməsi məsələsində yardım göstərir.
