Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

Cəmiyyət Xəbər 2 Oktyabr 2026 19:26 (UTC +04:00)
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

Bakı. Trend:

Xaricdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, elmi əlaqələri genişləndirmək və əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə 9-10 dekabr 2026-cı il tarixində Bakı şəhərində Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumu keçiriləcək.

Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə baş tutacaq Forumun açılış mərasimində xarici ölkələrdə yaşayan 100-dən çox azərbaycanlı alimin, eləcə də ölkəmizin aparıcı elm və təhsil müəssisələrini təmsil edən 500-ə yaxın elm xadimi, gənc doktorant və tədqiqatçının iştirakı nəzərdə tutulur.

Forumun əsas məqsədi müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərin ölkəmizin elm ictimaiyyəti ilə əlaqələrinin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi, xaricdə yaşayan alimlərin vahid şəbəkədə birləşdirilməsi, eləcə də I Forumdan sonra həyata keçirilən fəaliyyətlərin və qarşıdakı dövr üçün nəzərdə tutulan layihə və proqramların müzakirəsidir.

Forumun ikinci günündə xaricdən gələn alimlərin ixtisas sahələrinə uyğun olaraq ayrı-ayrı universitetlərdə görüşlərin, elmi müzakirələrin və ustad dərslərinin keçirilməsi planlaşdırılır.

Xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı alimlərdən 20 oktyabr 2026-cı il tarixinədək https://diaspor.gov.az/forum/ linki vasitəsilə qeydiyyatdan keçmələri və Forumda iştirak hüququ əldə etmələri xahiş olunur.

Məlumat üçün bildirək ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumu 9-11 sentyabr 2024-cü il tarixində Bakı şəhərində keçirilib. Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim, həmçinin ölkəmizin müxtəlif elm ocaqlarında çalışan elm xadimləri və professorlar, nüfuzlu ali təhsil müəssisələrinin rektorları iştirak edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti