Bakı.Trend:
Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq.
Bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək", - Prezident İlham Əliyev qeyd edib.
Qeyd edək ki, Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib.
Qurultaya YAP-ın rayon və şəhər təşkilatları tərəfindən 960 nümayəndə seçilib.
VIII Qurultaya hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib. Həmin konfranslarda ümumilikdə 16 239 nəfər iştirak edib.
Hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib, əldə olunan nəticələr müzakirə edilib.
