Bakı.Trend:
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan vətəndaşı Ramiz Ələkbərovu BMT-nin Təhlükəsizlik və Mühafizə Departamentində Baş katibin təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsinə təyin edib.
Trend xəbər verir ki, R.Ələkbərov 2027-ci ilin yanvarında vəzifəsinin icrasına başlayacaq. O, səlahiyyət müddəti 2026-cı ilin dekabrında başa çatan Fici nümayəndəsi Unaisi Vunivakanı əvəz edəcək.
R.Ələkbərov beynəlxalq rəhbərlik, strateji planlaşdırma, inkişafın idarə edilməsi və humanitar fəaliyyət sahələrində 30 ildən çox iş təcrübəsinə malikdir.
O, 2025-ci ildən BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Əlaqələndiricinin Ofisində Xüsusi Əlaqələndiricinin müavini və BMT-nin rezident əlaqələndiricisi, həmçinin işğal olunmuş Fələstin ərazisində humanitar məsələlər üzrə əlaqələndirici vəzifələrini tutur.
Bundan əvvəl, 2023-2025-ci illərdə Efiopiyada BMT-nin rezident əlaqələndiricisi və humanitar məsələlər üzrə əlaqələndirici vəzifələrində çalışıb. 2021-2023-cü illərdə isə BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) çərçivəsində BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini olub, eyni zamanda rezident əlaqələndirici və humanitar məsələlər üzrə əlaqələndirici vəzifələrini tutub.
R.Ələkbərov BMT-nin Əhali Fondunda (UNFPA) da bir sıra rəhbər vəzifələrdə çalışıb. Bunlara BMT-nin idarəetmə və islahat məsələləri üzrə İcraçı direktorun müavini və Nyu-Yorkda Siyasət və Strategiya Bölməsinin direktoru vəzifələri daxildir.
O, əmək fəaliyyətinə 1992-1995-ci illərdə Azərbaycan Tibb Universitetində dosent və həkim kimi başlayıb.
R.Ələkbərov Azərbaycan Tibb Universitetində tibb və daxili xəstəliklər üzrə fəlsəfə doktoru dərəcələrinə, həmçinin ABŞ-də yerləşən Fletçer adına Hüquq və Diplomatiya Məktəbində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsinə malikdir.
Ana dili olan Azərbaycan dili ilə yanaşı, o, ingilis, fransız, rus və türk dillərində sərbəst danışa bilir.
