Türkiyə Türk dünyasının potensialını ortaq rifaha çevirmək fəaliyyətini davam etdirəcək - XİN

Siyasət Xəbər 3 Oktyabr 2026 11:32 (UTC +04:00)
Türkiyə Türk dünyasının potensialını ortaq rifaha çevirmək fəaliyyətini davam etdirəcək - XİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Türk dünyasının bəşəri, iqtisadi və strateji potensialını ortaq rifaha çevirmək fəaliyyətini davam etdirəcək.

Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin 3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatının əsasını qoyan Naxçıvan Sazişinin imzalanmasının 17-ci ildönümü qeyd olunur.

Vurğulanıb ki, ortaq tarix, dil və köklü qardaşlıq əlaqələrindən güc alan Türk Dövlətləri Təşkilatı həmrəyliyi institusionallaşdıran və əməkdaşlığı möhkəmləndirən mühüm platformaya çevrilib.

Bildirilib ki, Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşü oktyabrın 29-30-da Türkiyənin ev sahibliyi ilə keçiriləcək.

“Türkiyə Türk dünyasının bəşəri, iqtisadi və strateji potensialını ortaq rifaha çevirmək və Türk Əsrini birlik və həmrəylik içində qurmaq məqsədilə fəaliyyətini davam etdirəcək”, - deyə açıqlamada əlavə edilib.

Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Türk Dövlətləri Təşkilatı

Qeyd edək ki, Türk Dövlətlərinin Əməkdaşlıq Günü hər il oktyabrın 3-də qeyd olunur. Bu tarix 2009-cu il oktyabrın 3-də Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış Naxçıvan Sazişi ilə bağlıdır. Həmin saziş türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və Türk Dövlətləri Təşkilatının yaradılması istiqamətində mühüm mərhələ olub.

Türk Dövlətləri Təşkilatı (TDT) türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyan hökumətlərarası beynəlxalq təşkilatdır. Təşkilatın əvvəlki adı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası olub. 2021-ci ildə İstanbulda keçirilən sammitdə təşkilatın adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi qərara alınıb.

Təşkilatın hazırda beş üzv dövləti var: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi statusuna malikdir. TDT çərçivəsində siyasi dialoq, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, təhsil, mədəniyyət, turizm, rəqəmsallaşma və təhlükəsizlik daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilir. Təşkilatın əsas qərarverici orqanı Dövlət Başçıları Şurasıdır, Katibliyi isə İstanbul şəhərində yerləşir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti