Bosniya və Herseqovinada seçkilərdə 1,4 milyondan çox seçici səs verib

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 00:28 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Bosniya və Herseqovinada (BH) keçirilən ümumi seçkilərdə 1,4 milyondan çox seçici səs verib. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçici fəallığı 41,48 faiz təşkil edib.

2022-ci ildə BH-də keçirilən əvvəlki ümumi seçkilərdə seçici fəallığı 51,45 faiz olub.

Səsvermənin nəticələrinə əsasən, BH Rəyasət Heyətinin, ölkə parlamentinin Nümayəndələr Palatasının (aşağı palata), eləcə də ölkənin iki entitetinin qanunverici orqanlarının yeni tərkibi müəyyənləşəcək. Serb Respublikasında (RS) həmçinin prezident seçilib.

Müxtəlif səviyyəli hakimiyyət orqanlarında yerlər uğrunda 75 siyasi partiya, 29 koalisiya və 4 müstəqil namizəd mübarizə aparıb.

Serb Respublikasının hakimiyyət partiyası – “Müstəqil Sosial-Demokratlar İttifaqı”nın daha əvvəl yaydığı məlumata görə, siyasi qüvvənin namizədləri ilkin nəticələrə əsasən, RS prezidenti və BH Rəyasət Heyətinin serb üzvü seçkilərində qalib gəlir. Partiya RS rəhbəri vəzifəsinə hazırkı baş nazir Savo Miniçi namizəd göstərib. BH Rəyasət Heyətinin hazırkı üzvü Jeljka Tsvi­yanoviç də bu vəzifəyə yenidən namizədliyini irəli sürüb.

Bosniya və Herseqovinanın dövlət quruluşu dünyanın ən mürəkkəb idarəetmə sistemlərindən biridir və etnik-konfessional prinsipə əsaslanır. Dövlət iki entitetdən – müsəlman-xorvat Federasiyası BH-dən (ərazinin 51 faizi), Serb Respublikasından (ərazinin 49 faizi) və Brçko dairəsindən ibarətdir. Dövlət idarəetmə sistemində üç əsas xalq – boşnaklar (İslamı qəbul etmiş slavyanlar), serblər (pravoslavlar) və xorvatlar (katoliklər) proporsional şəkildə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti