Bakı. Trend:
Braziliyada prezident seçkilərinin iki namizədi – hazırkı prezident Lula və mühafizəkar senator Flavio Bolsonaro bu gün səs veriblər. Birinci San-Paulu şəhərində, digəri isə Rio-de-Janeyroda səs verib. Lakin aralarındakı məsafə seçkilərin son dərəcə gərgin keçəcəyi gözlənilən bir vaxtda namizədlərin bir-birinə söz atmasına mane olmayıb.
İlk olaraq səsverməyə xanımının müşayiəti ilə Flavio Bolsonaro gəlib. Keçmiş ifrat sağçı prezident Jair Bolsonaronun oğlu “Braziliya xalqını azad etmək” istədiyini bildirib.
“Braziliyanın dəyişikliklərə ehtiyacı var. Braziliya artıq bu qədər əzab-əziyyətə, bu qədər yüksək vergilərə, qadınlara qarşı bu qədər şiddətə, bu qədər siyasi təqibə dözə bilmir”, – o, jurnalistlərin qarşısında vurğulayaraq, ilk turda qələbə qazanacağına əmin olduğunu nümayiş etdirib.
Öz növbəsində, hazırkı prezident Lula bildirib ki, “xalq demokratik rejimin möhkəmləndirilməsi ilə barbarlıq arasında seçim etməli olacaq”. 80 yaşlı Lula dördüncü prezidentlik müddətinə namizədliyini irəli sürüb.
Hər iki namizəd kifayət qədər əmin görünsə də, sorğular onların ilk turda qələbə üçün lazım olan 50 faiz səs həddindən uzaqda olduğunu göstərir. “Datafolha” institutunun şənbə günü dərc etdiyi sorğunun nəticələrinə görə, hazırkı prezidentin ilk turda 45 faiz səs toplaması gözlənilir. Onun rəqibi isə 42 faiz dəstəyə malikdir.
Əgər ilk turda qalib müəyyənləşməsə, ikinci tur oktyabrın 25-də keçiriləcək.
