Bosniya və Herseqovinada seçkilərin nəticələri açıqlanıb

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 03:42 (UTC +04:00)
Bosniya və Herseqovinada seçkilərin nəticələri açıqlanıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Bosniya və Herseqovinanın Mərkəzi Seçki Komissiyası (MSK) bülletenlərin 96 faizindən çoxu hesablandıqdan sonra ölkənin mərkəzi və iki regional parlamentinə, həmçinin Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının prezidenti vəzifəsinə keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, “Bosniya və Herseqovina dövləti üçün birləşmişik” hərəkatından Denis Beçiroviç bosniyalı müsəlmanların nümayəndəsi kimi ölkə Rəyasət Heyətində yer uğrunda mübarizədə 26,78 faiz səslə liderdir. Onun əsas rəqibi, Demokratik Fəaliyyət Partiyasından (DFP) Bakir İzetbeqoviç 23,88 faiz səs toplayıb.

İlkin məlumatlara görə, Rəyasət Heyətində xorvatları Xorvat Demokratik Birliyindən (XDB) Dariyana Filipoviç təmsil edəcək. O, səslərin 13,89 faizini toplayıb.

Serblər Bosniya və Herseqovinadakı Serb Respublikasında hakimiyyətdə olan Müstəqil Sosial-Demokratlar İttifaqından (MSDİ) Jeljka Tsviуanoviçə üstünlük veriblər. O, ilkin nəticələrə görə 55,33 faiz səs toplayıb.

Serb Respublikasının prezidentliyinə namizəd Savo Miniç 52,08 faiz səs qazanıb. Onun əsas rəqibi, Serb Demokratik Partiyasının (SDP) namizədi Branko Blanuşa isə 41,87 faiz səs toplayıb.

Serb Respublikası parlamentinə seçkilərdə hakim MSDİ 40,93 faiz səs toplayır. İkinci yerdə Banya-Luka meri Draşko Stanivukoviçin müxalifət koalisiyası 15,07 faiz səslə qərarlaşıb. Üçüncü yerdə isə 13,1 faiz səslə SDP gəlir.

Bosniya və Herseqovina Federasiyası parlamentinin Nümayəndələr Palatasına seçkilərdə DFP 30,63 faiz səslə liderdir. İkinci yerdə 15,41 faiz səslə Bosniya və Herseqovina Sosial-Demokrat Partiyası qərarlaşıb. Üçüncü yeri isə XDB-nin rəhbərlik etdiyi bosniyalı xorvatların partiyalar koalisiyası 13,56 faiz səslə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti