Pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək

Cəmiyyət Sənəd 5 Oktyabr 2026 11:00 (UTC +04:00)
Pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “Pulsuz hüquqi yardım haqqında” yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, yeni qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, qanun layihəsi insan və vətəndaş hüquq və azadlıqlarının, habelə qanuni maraqların müdafiəsi, pulsuz hüquqi yardımdan yararlanmaq hüququna malik şəxslərin keyfiyyətli hüquqi yardımla təmin edilməsi, bu yardımın təşkilati, hüquqi və iqtisadi əsaslarının müəyyənləşdirilməsi məqsədi daşıyır.

Layihəyə əsasən, pulsuz hüquqi yardım ilkin və peşəkar hüquqi yardım formasında göstəriləcək. İlkin hüquqi yardım şəxslərin hüquq və vəzifələri, hüquqların məhkəmədənkənar və məhkəmə qaydasında həyata keçirilməsi və hüquq müdafiə üsulları barədə məlumatlandırılmasını, ərizə, şikayət və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsini, eləcə də peşəkar hüquqi yardım anlayışına daxil olmayan digər yardım formalarını əhatə edəcək.

Peşəkar hüquqi yardım isə cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, zərərçəkmiş şəxsin və xüsusi ittihamçının təmsil edilməsi, insan alveri qurbanlarına, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlara, məişət zorakılığından zərər çəkmiş şəxslərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardım göstərilməsi, inzibati xəta haqqında işlər üzrə müdafiə və təmsilçilik, mülki və inzibati mübahisələrdə məhkəmə təmsilçiliyi, həmçinin Konstitusiya Məhkəməsində və digər dövlət orqanlarında hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş şəxslərin təmsil edilməsini nəzərdə tutur.

Layihədə “pulsuz hüquqi yardım” dövlət büdcəsinin vəsaiti hesabına ilkin və ya peşəkar hüquqi yardımın göstərilməsi kimi müəyyən edilir. Eyni zamanda, “pro bono” hüquq xidməti anlayışı da ayrıca təsbit olunur. Buna əsasən, vəkillər bu qanun layihəsində nəzərdə tutulan şəxslərə ictimai fayda naminə, ödəniş tələb etmədən ildə azı 30 saat pulsuz hüquqi yardım göstərməlidirlər. İlkin hüquqi yardım isə paraleqallar, vəkil köməkçiləri və qanun layihəsində nəzərdə tutulan digər qurumlar tərəfindən göstərilə biləcək.

Layihəyə görə, pulsuz hüquqi yardım haqqında qanunvericilik Konstitusiyadan, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, yeni qanundan, prosessual qanunvericilikdən, İnzibati Xətalar Məcəlləsindən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanundan və digər normativ hüquqi aktlardan ibarət olacaq. Qanun vətəndaşların beynəlxalq təşkilatlarda, onların nümayəndəliklərində, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında hüquqlarının müdafiəsi ilə bağlı işlərə şamil edilməyəcək. Ələt azad iqtisadi zonasında isə bu sahədə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanuna uyğun tənzimlənəcək.

Pulsuz hüquqi yardımın bərabərlik, əlçatanlıq, peşəkarlıq, operativlik, keyfiyyət və effektivlik, konfidensiallıq, habelə maraqlar toqquşmasının yolverilməzliyi prinsipləri əsasında həyata keçirilməsi təklif olunur. Qanunla başqa hal nəzərdə tutulmadıqda, bu yardım dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına maliyyələşdiriləcək.

Layihədə pulsuz hüquqi yardım almaq hüququ olan şəxslərin geniş siyahısı müəyyənləşdirilir. Buraya hüquqi yardıma ehtiyacı olan, lakin xidmət haqqını və digər xərcləri ödəməyə kifayət qədər vəsaiti olmayan aztəminatlı şəxslər – ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olan işləməyən şəxslər və müvafiq dövlət qurumunda işsiz kimi qeydiyyatda olan şəxslər daxildir.

Bundan başqa, şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslər, yetkinlik yaşına çatmayanlar, qaçqın statusu almış və Azərbaycanda siyasi sığınacaq verilmiş şəxslər, valideyn himayəsindən məhrum olmuş və bu kateqoriyadan olan şəxslər, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər – azad edildikləri gündən bir il müddətində – və üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər də pulsuz hüquqi yardım almaq hüququna malik olacaq.

Cinayət işləri üzrə müdafiə ilə bağlı ayrıca təminatlar nəzərdə tutulur. Kifayət qədər vəsaiti olmayan şübhəli və ya təqsirləndirilən şəxslərə, habelə xüsusi ittihamçıya, insan alveri qurbanına, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilməsi nəzərdə tutulur.

Mülki və inzibati mübahisələr üzrə qanunvericilikdə müəyyən edilmiş şəxslərin məhkəmədə təmsil olunması ilə bağlı peşəkar hüquqi yardımın da dövlət hesabına göstərilməsi təklif edilir. İnzibati qaydada tutulmuş şəxslər və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslər də bu təminatdan yararlana biləcəklər. Hüquq və azadlıqlarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət vermiş şəxsin təmsilçiliyi də müəyyən edilmiş qaydada dövlət hesabına həyata keçirilə biləcək.

Pulsuz hüquqi yardımın təşkili əsasən Vəkillər Kollegiyasına həvalə olunur. Kollegiya fəaliyyət göstərilən ərazilər üzrə pulsuz hüquqi yardım göstərən şəxslərin reyestrini aparacaq. Yardım almaq istəyən şəxslər şəxsən, poçt vasitəsilə və ya elektron qaydada Kollegiyaya müraciət edə biləcəklər.

Müraciətə şəxsin şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, aid olduğu kateqoriyanı təsdiq edən müvafiq sənədlər əlavə olunmalıdır. Layihədə şəhid ailəsi statusu, müharibə veteranı statusu, insan alveri qurbanı olmaq, korrupsiya ilə bağlı məlumat verən şəxs statusu, qaçqın statusu, məişət zorakılığından zərər çəkmə, cəzaçəkmə müəssisəsindən azad edilmə və probasiya nəzarətində olma kimi halları təsdiqləyən sənədlər ayrıca sadalanır.

Ərizəyə və sənədlərə ərizənin qeydiyyata alındığı tarixdən yeddi iş günü müddətində baxılması nəzərdə tutulur. Çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə bu barədə ən geci iki iş günü ərzində məlumat veriləcək. Ərizəçi çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu müddətdə əsas baxılma müddətinin axımı dayandırılacaq.

Pulsuz hüquqi yardım göstərilməsindən imtina haqqında qərar əsaslandırılmalıdır. Ərizəçi belə qərardan Vəkillər Kollegiyasına və ya məhkəməyə şikayət verə biləcək. İmtina üçün sənədlərdəki çatışmazlıqların vaxtında aradan qaldırılmaması, təhrif olunmuş məlumatların təqdim edilməsi, şəxsin qanunda göstərilən kateqoriyalara aid olmaması, bir il ərzində eyni məsələ ilə bağlı üç dəfə əsaslandırılmış cavab verildikdən sonra yeni məlumat olmadan təkrar müraciət edilməsi və müraciətin hüquqi yardım tələb edən məsələyə aid olmaması əsaslar kimi müəyyən edilir.

Layihəyə əsasən, pulsuz hüquqi yardım almaq hüququ olan şəxslərin tələb olunan sənədləri əldə etməsinə dövlət orqanları, Vəkillər Kollegiyası və hüquqi yardım göstərən şəxslər kömək etməlidirlər. Vəkilin müəyyənləşdirilməsi zamanı ərizəçinin konkret vəkilə üstünlük verməsi, vəkilin iş yükü, ixtisaslaşması, təcrübəsi və işin həlli üçün digər zəruri hallar nəzərə alınacaq.

Müvafiq sənədlər əldə edildikdən sonra üç gün ərzində ərizəçiyə ilkin hüquqi yardım göstərilməsi və ya peşəkar hüquqi yardım üçün müqavilə bağlanması nəzərdə tutulur. Cinayət və inzibati xəta işlərində zərərçəkmiş şəxsin təmsil olunması ilə bağlı yardım isə şəxsin yazılı müraciəti əsasında cinayət prosesini həyata keçirən və ya inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli orqan tərəfindən həll ediləcək. Belə ərizələrə yeddi gün müddətində baxılmalıdır.

Layihədə vəkilin dəyişdirilməsi imkanları da müəyyən olunur. Pulsuz hüquqi yardım göstərən vəkilin işin nəticəsində maraqlı olması, obyektivliyinə və qərəzsizliyinə dair kifayət qədər əsasların mövcudluğu barədə şübhələr yarandıqda, müraciət edən şəxsin yazılı müraciəti əsasında vəkil dəyişdirilə bilər. Vəkilin özünün yazılı və əsaslandırılmış müraciəti də dəyişiklik üçün əsas ola bilər.

Pulsuz hüquqi yardım göstərilməsi zamanı yardım almaq hüququ olan şəxsin sonradan həmin hüququ itirməsi başlanmış iş üzrə yardımın dayandırılmasına səbəb olmayacaq. Əlilliyi olan və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan şəxslər isə dövlət büdcəsi hesabına qiraətçilərin və peşəkar surdo tərcüməçilərin xidmətləri ilə təmin ediləcəklər.

Qanun layihəsində vəkillərin “pro bono” öhdəliyinə əməl etməməsinə görə ayrıca maliyyə mexanizmi də nəzərdə tutulur. Belə ki, ildə ən azı 30 saat pulsuz hüquq xidməti göstərilməsi tələbinə riayət edilmədikdə vəkillər tərəfindən göstərilməyən hər saat üçün Vəkillər Kollegiyasına 18 manat ödəniş edilməlidir. Eyni zamanda, pulsuz hüquqi yardım göstərilməsindən əsassız imtina olunması qadağan edilir.

İlkin hüquqi yardımın paraleqallar, vəkil köməkçiləri və vəkillər tərəfindən göstərilməsi nəzərdə tutulur. Hüquq klinikaları da hüquqşünas müəllimlərin rəhbərliyi və nəzarəti altında ilkin hüquqi yardım göstərə biləcəklər.

Layihə Azərbaycanda paraleqal institutunun hüquqi əsaslarını da müəyyən edir. Paraleqal olmaq istəyən ali təhsilli şəxslər Vəkillər Kollegiyasına müraciət etməli, ilkin hazırlıq üzrə təlimi müvəffəqiyyətlə başa vuraraq sertifikat almalıdırlar. Bundan sonra onlara paraleqal statusu veriləcək və onların reyestri Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən aparılacaq.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərar olan şəxslər, eləcə də ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxslər paraleqal ola bilməyəcəklər.

Paraleqalların ilkin hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Onlar vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərlə bağlanmış mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərəcəklər. Xidmət haqları da dövlət büdcəsi hesabına ödəniləcək. Paraleqallar əldə etdikləri məlumatların konfidensiallığını qorumalı və etik davranış qaydalarına əməl etməlidirlər.

Peşəkar hüquqi yardım alan şəxslərin də hüquq və vəzifələri müəyyənləşdirilir. Onlar vəkil qurumunu və ya vəkili seçə, onlardan imtina edə, özləri və ya qanuni nümayəndələri vasitəsilə müraciət edə biləcəklər. Eyni zamanda, yardımın operativ və effektiv göstərilməsi üçün işlə bağlı bütün sənədləri və məlumatları təqdim etməli, yardımın göstərilməsinə əsas olan hallardakı dəyişikliklər barədə vaxtında məlumat verməlidirlər.

Pulsuz hüquqi yardım göstərən vəkillər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilən seçim qaydalarına uyğun seçiləcək. Peşəkar hüquqi yardım vəkillə və ya vəkil qurumu ilə yardım alan şəxs arasında bağlanan müqavilə əsasında həyata keçiriləcək və müqavilədə hüquqi yardımın dövlət büdcəsinin vəsaiti hesabına göstərildiyi qeyd olunmalıdır.

Layihədə pulsuz hüquqi yardımın maliyyələşdirilməsi üçün konkret ödəniş mexanizmi də müəyyən edilir. Peşəkar hüquqi yardım üçün xidmət haqqının hər iş saatına görə minimum aylıq əməkhaqqının 0,0275 misli, ilkin hüquqi yardım üçün isə göstərilən hər hüquqi xidmətə görə minimum aylıq əməkhaqqının 0,015 misli həcmində olması təklif edilir.

Dəftərxana, poçt, rabitə, nəqliyyat və digər əlavə xərclərə görə xidmət haqqının üzərinə həmin məbləğin 5 faizi həcmində əlavə ödəniş nəzərdə tutulur. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, eləcə də gecə vaxtı peşəkar hüquqi yardım göstərən vəkillərin xidmət haqqı isə hər iş saatı üçün müəyyən edilmiş məbləğin iki misli miqdarında ödəniləcək. Bu hallarda əlavə xərclər üzrə 5 faizlik ödəniş dəyişməyəcək.

Pulsuz hüquqi yardım göstərən şəxslərin xidmət haqqının və digər xərclərin ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edəcək. Vəkillər göstərdikləri yardım üzrə ödənişlərin alınması üçün müəyyən edilmiş qaydada Vəkillər Kollegiyasına müraciət edəcəklər.

Ödənişlərin həyata keçirilməsi göstərilən xidmətlərlə bağlı hesabatlardan asılı olacaq. Hesabatlar müəyyən edilmiş formaya uyğun təqdim edilmədikdə və ya hüquqi yardım göstərilməsi ilə bağlı tələblərin pozulduğu müəyyən edildikdə ödəniş edilməyəcək.

Layihədə pulsuz hüquqi yardım sahəsində geniş uçot və hesabatlılıq sistemi də yaradılır. Yardım göstərən şəxslər müraciət edən şəxsin adı, soyadı, ata adı, şəxsiyyət vəsiqəsinin və ya qaçqın vəsiqəsinin seriya və nömrəsi, yaşayış yeri, aid olduğu kateqoriya, müraciətin və tələb olunan hüquqi xidmətlərin məzmunu, bağlanmış müqavilələrin sayı, xidmət haqları və digər xərclər, aparılmış prosessual hərəkətlər, iş saatları və yardımın nəticələri barədə uçot aparmalıdırlar.

Hüquqi xidmətlərlə bağlı bütün sənədlərin iki il müddətində saxlanılması nəzərdə tutulur. Pulsuz hüquqi yardım göstərən şəxslər hər rüb bir dəfə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müəyyən etdiyi formada hesabat təqdim etməlidirlər.

Vəkillər Kollegiyası isə həmin hesabatları ümumiləşdirərək növbəti ilin yanvar ayının 20-dən gec olmayaraq rəsmi internet informasiya ehtiyatında dərc etməlidir. Dərc ediləcək məlumatlarda pulsuz hüquqi yardım alan və yardım göstərən şəxslər, göstərilən xidmətlər, o cümlədən “pro bono” xidmətləri, ödənilmiş xidmət haqları və digər xərclər, yardım üçün təyin edilmiş şəxslərin dəyişdirilməsi və bunun səbəbləri, habelə müraciət edən şəxslərin şikayətləri və görülmüş tədbirlər barədə ümumiləşdirilmiş məlumatlar yer alacaq. Bu zaman vəkil sirrinin qorunması təmin edilməlidir.

Qanun layihəsinin son maddəsində onun tələblərini pozan şəxslərin qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyacağı təsbit edilir.

Beləliklə, yeni qanun layihəsi qəbul ediləcəyi təqdirdə pulsuz hüquqi yardımın yalnız kimlərə göstəriləcəyini deyil, həm də yardım üçün müraciət, sənədlərin təqdim edilməsi, qərarların qəbul edilməsi və onlardan şikayət verilməsi, vəkillərin seçilməsi və dəyişdirilməsi, paraleqalların fəaliyyəti, dövlət hesabına ödənişlər, “pro bono” xidməti, uçot, hesabatlılıq və ictimai məlumatlandırma mexanizmlərini vahid qanunla tənzimləyəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti