Azərbaycan DCO-nun Nizamnaməsini imzalayıb (FOTO)

İqtisadiyyat Xəbər 5 Oktyabr 2026 10:50 (UTC +04:00)
Azərbaycan DCO-nun Nizamnaməsini imzalayıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzvlüyü çərçivəsində Təşkilatın Nizamnaməsi imzalanıb.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi Deemah Al Yahya ilə görüş keçirdik.

Görüşdə rəqəmsal transformasiya, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və rəqəmsal bacarıqların inkişafı və birgə təşəbbüslərin genişləndirilməsi məsələlərini müzakirə etdik.

Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq bazarlara çıxarılması, startap ekosisteminin inkişafı, nəqliyyatın rəqəmsallaşdırılması və regional bağlantının gücləndirilməsi üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq.

Həmçinin Azərbaycanın "DCO"ya üzvlüyü çərçivəsində Təşkilatın Nizamnaməsini imzalayaraq qarşı tərəfə təqdim etdik", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu ilin sentyabrın 1-də Azərbaycan Respublikası Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub.

"Bu üzvlük Azərbaycana bir sıra mühüm imkanlar yaradacaq. DCO platforması vasitəsilə ölkə qabaqcıl rəqəmsal siyasətlərə, təcrübə mübadiləsinə və beynəlxalq standartlara çıxış əldə edəcək. Eyni zamanda yerli startaplar üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və vençur fondlarına çıxış imkanı qazanacaq. Gənclər və İKT mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramları vasitəsilə rəqəmsal bacarıqların artırılması sürətlənəcək, elektron ticarət və data əsaslı biznes modelləri üzrə yeni əməkdaşlıq imkanları açılacaq. Bundan əlavə, Azərbaycan Cənubi Qafqaz və Orta Asiya regionunda rəqəmsal körpü rolunu daha da gücləndirəcək, dövlət xidmətlərinin rəqəmsallaşması istiqamətində isə e-hökumət, süni intellekt və smart həllər sahəsində üzv ölkələrin təcrübəsindən faydalanmaq mümkün olacaq", - nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, bununla yanaşı, Azərbaycanın İKT potensialının, Rəqəmsal İnkişaf Şurası çərçivəsində həyata keçirilən işlərin, rəqəmsallaşma üçün yaradılmış imkanların və son illərdə reallaşdırılmış əsas rəqəmsal layihələrin DCO və üzv ölkələrlə paylaşılması, eləcə də təcrübə mübadiləsinin aparılması Azərbaycanın gələcəkdə rəqəmsal məhsul və xidmətlər üzrə ixrac potensialının artırılmasına xidmət edəcək: "Bu layihələr sırasında vətəndaş, dövlət qurumu və bizneslər üçün vahid elektron xidmət sistemi olan “mygov” və “mygov Business” platformaları, dövlət rəqəmsal xidmətləri arasında fasiləsiz məlumat mübadiləsini təmin edən "Digital Bridge", təhlükəsiz vahid giriş sistemi "Digital Login", qurumlararası sənəd idarəçiliyini optimallaşdıran Rəqəmsal Sənəd Dövriyyəsi Sistemi (RSD), eləcə də pulsuz biometrik rəqəmsal imza həlli olan SIMA yer alır".

Nazirlik qeyd edib ki, DCO-ya üzvlük Azərbaycanın regional və qlobal müstəvidə rəqəmsal elm, səhiyyə, təhsil, ticarət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığını gücləndirəcək, rəqəmsal transformasiyanı və texnologiya bazarının inkişafını dəstəkləyən qanunvericilik və siyasətlərin koordinasiyasına töhfə verəcək.

2020-ci ilin noyabr ayında təsis edilən DCO, rəqəmsal iqtisadiyyatın inklüziv artımını sürətləndirməklə hamı üçün rəqəmsal rifahın təmin olunmasını hədəfləyən qlobal çoxtərəfli təşkilatdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti