Bakı. Trend:
Bakının Sabunçu rayonunda, Aeroport şosesində və Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisələri baş verib.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müşahidələrə əsasən, yağışlı havalarda baş verən qəzaların əsas səbəbləri arasında sürət həddinin aşılması, asfalt örtüyünün sürüşkən olmasının nəzərə alınmaması, ara məsafəsinin gözlənilməməsi və manevretmə qaydalarının pozulması üstünlük təşkil edir.
Mərkəz sürücülərə yollarda daha məsuliyyətli olmağı və yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
