Bakı. Trend:
Türkiyədə iki futbol hakimi “oyun alveri” və saxtakarlıq ittihamı ilə həbs edilib.
Türkiyə mətbuatının məlumatına görə, Türkiyənin Super Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel həbs edilib. İstanbul Respublika Baş Prokurorluğunun Mərkəzi Hakimlər Komitəsinə qarşı apardığı istintaq çərçivəsində saxlanılan şübhəlilərin işi bu səhər məhkəməyə göndərilib.
İstintaq çərçivəsində Yasin Kol və Göktuğ Hazar Erel Trabzonda “Trabzonspor” və “Drogheda United” komandaları arasında keçirilən yoldaşlıq oyunundan sonra “7 258 saylı qanuna zidd hərəkət”, “sənəddə saxtakarlıq cinayətində iştirak” və “vəzifədən sui-istifadə” cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılıb.
Prokurorluqda ifadə prosedurları başa çatdıqdan sonra Yasin Kol “oyun alveri və təşviq” cinayəti, Göktuğ Hazar Erel isə “rəsmi sənəddə saxtakarlıq” cinayəti üzrə həbs tələbi ilə məhkəməyə göndərilib.
Sülh Cinayət Hakimliyinə çıxarılan şübhəlilərdən Kol “oyun alveri” və “təşviq”, Erel isə “rəsmi sənəddə saxtakarlıq” cinayəti üzrə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
