Bakı. Trend:
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycandan olan Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova oktyabrın 4-də Tanzaniyanın Aruşa şəhərində IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib.
IPU-nun Avrasiya Qrupu üzrə İcraiyyə Komitəsinin vitse-prezidenti olan S. Mikayılova, həmçinin oktyabrın 5-dən 9-dək Aruşada keçirilən IPU-nun 153-cü Assambleyasında iştirak edir.
Qeyd edək ki, Assambleya çərçivəsində IPU-nun bütün nizamnamə orqanlarının, o cümlədən IPU Şurasının, daimi komitələrin, Parlamentarilərin İnsan Hüquqları Komitəsinin və Yaxın Şərq məsələləri üzrə Komitənin, həmçinin Qadın Parlamentarilər Forumu və Gənc Parlamentarilər Forumunun iclasları keçirilir. IPU Şurası Aruşadakı sessiyasında təşkilatın yeni prezidentini seçəcək.
Ümumi debatlar “İnklüzivlik, etimad və hamı üçün bərabər imkanlar vasitəsilə düzgün dövlət idarəçiliyinin gücləndirilməsi və icmaların imkanlarının genişləndirilməsi” mövzusuna həsr olunacaq. Bu debatlar nümayəndələrə bu sahədə müzakirələr aparmaq, fikir mübadiləsi etmək və parlament tədbirləri hazırlamaq üçün platforma təqdim edəcək.
Assambleya gündəliyin fövqəladə bəndi, həmçinin Demokratiya və İnsan Hüquqları üzrə Daimi Komitə tərəfindən nəzərdən keçirilən tematik bənd – “Hamı üçün inklüziv sosial inkişaf: əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və imkanlarının genişləndirilməsi üzrə parlament strategiyaları” ilə bağlı qətnamələr qəbul edəcək.
Assambleyanın yekunlarına əsasən, debatların ümumi mövzusu üzrə yekun sənədin qəbul ediləcəyi gözlənilir.
