Ağdam rayonuna mediatur təşkil edilib (FOTO)

Cəmiyyət Xəbər 5 Oktyabr 2026 17:21 (UTC +04:00)
Ağdam rayonuna mediatur təşkil edilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonuna mediatur təşkil edilib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, mediatur Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində keçirilib.

Mediatur zamanı media nümayəndələri festivalın keçirildiyi əraziyə baxış keçirib, burada təşkil olunan sərgi bölmələri, iştirakçıların təqdim etdiyi məhsul və xidmətlər, həmçinin aqrar sahədə tətbiq olunan müasir texnologiyalar və innovativ həllərlə tanış olublar.

Jurnalistlərə Aqrar Biznes Festivalının məqsədləri, fermer və sahibkarlar üçün yaradılan imkanlar, aqrar sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və müasir texnologiyaların tətbiqinin təşviqi barədə məlumat verilib.

Mediatur iştirakçıları, həmçinin Ağdam rayonunda “Agro Food İnvestments” şirkəti tərəfindən salınan “Zəfər bağları”na baş çəkiblər. Burada görülən işlər, narçılığın inkişafı istiqamətində həyata keçirilən layihələr və işğaldan azad edilmiş ərazilərin aqrar potensialının reallaşdırılması barədə məlumat verilib.

Qeyd olunub ki, 100-cü Yubiley Aqrar Biznes Festivalının Ağdamda keçirilməsi rayonun kənd təsərrüfatı potensialının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Rayonda kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, yeni təsərrüfatların yaradılması və aqrar istehsalın genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir.

Mediatur çərçivəsində media nümayəndələri Ağdamda aparılan aqrar layihələr və bərpa-quruculuq işləri ilə də tanış olmaq imkanı əldə ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd Aqrar Biznes Festivalının əhəmiyyəti, regionda həyata keçirilən aqrar layihələr və yaradılan yeni imkanlar barədə ictimaiyyətin məlumatlandırılması olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti