Bakı. Trend:
İran qonşu ölkələr, əsasən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə münasibətləri inkişaf etdirməyə çalışır.
İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün (5 oktyabr) Tehranda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə deyib.
“İran Ermənistanla dostluq münasibətlərinə xüsusi dəyər verir və Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin günü-gündən möhkəmləndirilməsini bütün region ölkələri üçün sülhə zəmanət və iqtisadi inkişafın təminatçısı hesab edir”, -deyə o qeyd edib.
Əraqçi İranın Cənubi Qafqazda sülh və sabitliyə dair mövqeyini bəyan və Ermənistanla Azərbaycan arasında münasibətlər və müsbət anlaşma prosesinin davam etdiyinə şad olduğunu bildirib.
“İran regional əməkdaşlıq və kommunikasiyanın möhkəmlənməsi və sülhün təsbit edilməsi üçün çoxtərəfli, o cümlədən 3+3 formatında dialoq və əməkdaşlığın davam etdirilməsinə hazırdır. Eyni zamanda üçüncü tərəflərin Cənubi Qafqazın məsələlərində iştirakı və müdaxiləsinin mənfi nəticələrindən narahatdır”, - deyə o qeyd edib.
Əraqçi həmçinin Qərbi Asiya, Fars körfəzi, Hörmüz boğazı ilə əlaqədar məsələlər haqda erməni həmkarını məlumatlandırıb və bildirib ki, Hörmüz boğazında gəmi ticarətindən yaranan destabillik ABŞ və İsrailin İrana qarşı hərbi hücumunun nəticəsidir. İran qətiyyətli şəkildə öz mənafeyini müdafiə edir və edəcək. Eyni zamanda heç vaxt gərginliyin artmasının qarşısının alınması üçün diplomatiyadan istifadə etməkdən çəkinməyəcək.
Görüşdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Ermənistanın İranla əməkdaşlığı inkşaf etdirməyə maraq göstərdiyini deyib və İranla Ermənistan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması ilə iki ölkə münasibətlərinin daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Görüşdə nazirlər iqtisadi, siyasi, ticarət, nəqliyyat və yükdaşıma və enerji sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi yolları haqda fikir mübadiləsi aparıblar.
