Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında (AMB) Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə “Sparkassenstiftung” təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Görüş zamanı “ESİ Risk Radar” layihəsi çərçivəsində görülən işlər, əldə olunan nəticələr və layihənin növbəti mərhələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı, “Sparkassenstiftung” təşkilatının dəstəyi ilə bank sektoru nümayəndələri üçün “ESİ Risk Radar” alətinin təqdimat tədbiri keçirilib.
Tədbirdə maliyyə sektorunda ekoloji, sosial və idarəetmə (ESİ) risklərinin daha sistemli qiymətləndirilməsi məqsədilə hazırlanmış “ESİ Risk Radar” alətinin əsas nəticələri, metodoloji yanaşmaları və tətbiqi imkanları barədə məlumat verilib.
Təqdimat çərçivəsində layihə üzrə hazırlanmış metodoloji sənədlər və alətlər, həmçinin bank sektoru üzrə aparılmış ehtiyacların qiymətləndirilməsinin nəticələri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə, həmçinin “ESİ Risk Radar” alətinin praktik tətbiqi, onun təkmilləşdirilməsi və bankların risklərin idarə edilməsi proseslərinə inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “ESİ Risk Radar” alətinin əsas məqsədi sektor və müştəri səviyyəsində ESİ risklərinin qiymətləndirilməsinə, eləcə də bankların kredit portfellərində bu risklərin müəyyənləşdirilməsi və idarə olunmasına dəstək verməkdir.
Mərkəzi Bank maliyyə sektorunda ESİ risklərinin effektiv idarə olunması və dayanıqlı maliyyənin inkişafı istiqamətində təşəbbüslərini davam etdirəcək.
