Bakı. Trend:
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hərbi-dəniz qüvvələri Yəmənin Əl-Hüdeydə vilayətində əməliyyat keçirərək üsyançı “Ənsar Allah” hərəkatının husilərinə məxsus obyektlərə zərbələr endirib. Bu barədə alyansın rəsmi nümayəndəsi Türki əl-Maliki bildirib.
Səudiyyə Mətbuat Agentliyi onun sözlərini sitat gətirərək yazır: “Əməliyyat çərçivəsində husilərin terrorçu qruplaşmasına məxsus qanuni hərbi hədəflər məhv edilib”.
Əl-Malikinin sözlərinə görə, koalisiya qüvvələri Qırmızı dənizin cənub hissəsində gəmiçilik marşrutlarına hazırlanmış hücumların qarşısını alıb. Əməliyyat zamanı silah anbarları, həmçinin minalanmış qayıqların və dəniz minalarının saxlanıldığı məntəqələr məhv edilib. Alyansın nümayəndəsi əlavə edib ki, bu tədbirlər Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi çərçivəsində həyata keçirilir.