Almaniya-Azərbaycan tərəfdaşlığında "yaşıl enerji" əməkdaşlığının genişləndirilməsi vacibdir - "Siemens Energy"

İqtisadiyyat Xəbər 6 Oktyabr 2026 11:31 (UTC +04:00)
Almaniya-Azərbaycan tərəfdaşlığında "yaşıl enerji" əməkdaşlığının genişləndirilməsi vacibdir - "Siemens Energy"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya və Azərbaycan arasında tərəfdaşlığın yeni mərhələyə keçirilməsi və əməkdaşlığın bərpa olunan enerji sahəsində genişləndirilməsi vacibdir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu "Siemens Energy" şirkətinin Avropa üzrə baş vitse-prezidenti və rəhbəri Frederik Doye çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

O bildirib ki, hazırda Almaniya ilə Azərbaycan arasındakı enerji əməkdaşlığı əsasən yanacaq ixracı üzərində cəmlənib.

"Almaniya və Azərbaycan arasındakı tərəfdaşlığı yeni səviyyəyə qaldırmağın vaxtı çatıb. Hazırda bu əməkdaşlıq daha çox Almaniyaya yanacaq ixracı üzərində cəmlənib və bu, təbii ki, vacib amildir. Lakin biz artıq elektrik dövrünə qədəm qoyuruq. Elektrik enerjisinin əhəmiyyəti günbəgün artır və bu müstəvidə bərpa olunan enerji mənbələri də həlledici rol oynamağa başlayır", - deyə F.Doye qeyd edib.

Onun sözlərinə görə, həm dənizdə, həm də quruda külək və günəş enerjisi sahəsində Azərbaycanda və bütövlükdə regionda böyük potensial mövcuddur.

"İstər dənizdə, istərsə də quruda külək və günəş enerjisi sahəsində nəinki Azərbaycanda, ümumilikdə bu regionda böyük potensial var. Bu potensial hələ tam reallaşdırılmayıb və ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün son dərəcə mühüm bir addım ola bilər", - deyə o bildirib.

F.Doye enerji şəbəkələrinin inteqrasiyasının mürəkkəb proses olduğunu və bu istiqamətdə rəqəmsallaşmanın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

"Ölkələrarası şəbəkələrin inteqrasiyası, hətta Almaniya kimi bir ölkə daxilindəki sistemlərin mürəkkəbliyi ciddi diqqət tələb edir. Məsələn, Almaniyada elektrik şəbəkəsini idarə edən dörd əsas ötürücü sistem operatoru var. Onların hər birinin fərqli şəbəkə kodlarının olması prosesi kifayət qədər mürəkkəbləşdirir", - deyə "Siemens Energy" rəsmisi qeyd edib.

O bildirib ki, Avropada elektrik şəbəkələrinin orta yaşı təxminən 50 ildir və bu sistemlər uzun müddət ərzində kifayət qədər investisiya almayıb.

"Keçmişdə sistem daha sadə idi: bir böyük elektrik stansiyası var idi və enerji oradan istehlakçılara ötürülürdü. İndi isə sistem çox mürəkkəbdir. Həm enerji istehsal edən, həm də istehlak edən tərəflər var və enerji iki istiqamətdə axır. Bu səbəbdən şəbəkələr daha rəqəmsal olmalı və daha böyük yükü idarə edə bilməlidir", - deyə F.Doye bildirib.

Onun sözlərinə görə, regionda rəqəmsal elektrik şəbəkələrinin müasir standartlar əsasında sıfırdan qurulması mühüm üstünlük yarada bilər.
F.Doye "yaşıl dəhliz" layihələrinin həyata keçirilməsində bir neçə ölkənin iştirakının prosesi daha da mürəkkəbləşdirdiyini diqqətə çatdırıb.

"Yaşıl dəhlizdən danışarkən birdən çox ölkənin iştirakını nəzərdə tuturuq və bu da özlüyündə prosesi daha mürəkkəb edir. Məsələn, Danimarka və Almaniya arasında dənizdə istehsal olunan külək enerjisinin Almaniyanın elektrik şəbəkəsinə inteqrasiyası üzrə razılığın əldə olunması illərlə vaxt apardı", - deyə o qeyd edib.

O əlavə edib ki, hazırda Fransa və İspaniya arasında da oxşar müzakirələr aparılır.

"İqtisadi baxımdan ölkələri birləşdirmək məntiqli olsa da, tərəflərin maraqları hər zaman üst-üstə düşməyə bilər", - deyə F.Doye vurğulayıb.

"Siemens Energy" rəsmisi belə irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılması üçün hökumətlər, sənaye nümayəndələri, banklar, maliyyə institutları və investorlar arasında sıx əməkdaşlığın vacibliyini qeyd edib.

"Belə irimiqyaslı infrastruktura layihələrini reallığa çevirmək üçün hökumətlər, sənaye nümayəndələri, banklar, maliyyə institutları və investorlar sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidirlər. Bu əməkdaşlığın uğurla nəticələnəcəyinə və gözlənilən bəhrəni verəcəyinə inamım böyükdür", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti