Ələtdə günəş paneli istehsalı müəssisələrinin tikintisinə başlanılıb (ÖZƏL)

İqtisadiyyat Xəbər 6 Oktyabr 2026 11:03 (UTC +04:00)
Ələtdə günəş paneli istehsalı müəssisələrinin tikintisinə başlanılıb (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin “Sunsync” şirkəti Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) 23 hektarlıq günəş paneli istehsalı müəssisələrini qurmağa başlayıb.

Bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə tikinti işlərinə artıq bir müddət əvvəl start verilib.

"Sözügedən üç müasir istehsal müəssisəsinin gələn il mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur", - o bildirib.

Qeyd edək ki, 2025-ci ilin sentyabrın 10-da Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində sentyabrın 10-da Çendu şəhərində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə Çinin yüksək texnologiyalı şirkətlərindən olan “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” arasında Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə İnvestisiya Sazişi imzalanıb.

Sənədi Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkətinin təsisçisi və sədri Sie Yi imzalayıb.

Sazişə əsasən, şirkət Ələt Azad İqtisadi Zonasında lazımi infrastruktur və kommunikasiyalarla təmin olunmuş 23 hektarlıq hazır sənaye torpaq sahəsində üç müasir istehsal müəssisəsi inşa edəcək.

Müəssisələrdə illik 3 giqavat (QVt) istehsal gücünə malik günəş panelləri, həmçinin silisium kristalları və komponentləri istehsal olunacaq. Bu müəssisədə istehsal ediləcək günəş panelləri, eyni zamanda, şirkət tərəfindən Ələt Azad İqtisadi Zonasında inşa olunacaq Günəş Elektrik Stansiyasının tikintisində də istifadə ediləcək. Məhsulların əksər hissəsi qlobal bazarlara ixrac ediləcək, bu isə Azərbaycanın bərpaolunan enerji istehsalı üzrə strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.

Aktivlərinin həcmi 1,7 milyard ABŞ dolları təşkil edən “Sichuan Sunsync” qısa müddətdə günəş panellərinin istehsalı sahəsində qabaqcıl şirkətə çevrilə bilib.

Xəbər lenti

Xəbər lenti