Bakı. Trend:
Banklar Orta Dəhlizin inkişafı ilə bağlı strateji prioritetlərin özəl və beynəlxalq kapitalla əlaqələndirilməsində, eləcə də infrastruktur və enerji layihələrinin maliyyələşdirilməsində mühüm rol oynaya bilər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu "Azər-Türk Bank"ın İdarə Heyəti sədrinin müavini, baş kommersiya direktoru Fərid Quliyev çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, konfransın əsas əhəmiyyəti dövlət
nümayəndələrini, biznes rəhbərlərini, layihə sahiblərini və maliyyə
institutlarını vahid platformada bir araya gətirməsidir.
"Bu kimi görüşlər yalnız fikir mübadiləsi aparmaq üçün deyil, həm
də real əməkdaşlıq imkanlarını müəyyənləşdirmək baxımından
əhəmiyyətlidir", - deyə F.Quliyev bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin strateji əhəmiyyəti getdikcə artır.
"Bu ilin ilk səkkiz ayında Orta Dəhliz boyunca konteyner daşımalarının həcmi 58 faiz artıb. Bir neçə həftə əvvəl isə Avropa İttifaqı 2030-cu ilədək ticarət axınlarını üç dəfə artırmaq məqsədilə Orta Dəhlizə 12 milyard avroyadək dövlət və özəl investisiyanın səfərbər edilməsi planlarını açıqlayıb", - deyə F.Quliyev qeyd edib.
O vurğulayıb ki, Orta Dəhlizin inkişafında bank sektorunun da mühüm rolu var. ""Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində ölkə iqtisadiyyatına, o cümlədən infrastruktur sahəsinə strateji investorların birbaşa xarici investisiyalarının cəlb edilməsinin təmin olunmasının zəruriliyi aydın şəkildə qeyd edilir", - deyə baş kommersiya direktoru bildirib.
F.Quliyevin sözlərinə görə, banklar strateji prioritetləri özəl və beynəlxalq kapitalla əlaqələndirə, layihələrin maliyyə strukturunun formalaşdırılmasına və risklərin düzgün qiymətləndirilməsinə dəstək verə bilər.
"Layihənin strateji əhəmiyyət daşıması avtomatik olaraq onun bank tərəfindən maliyyələşdirilə bilən layihə olması demək deyil. Bunun üçün aydın biznes modeli, real icra planı və risklərin düzgün bölüşdürülməsi tələb olunur. Bu şərtlər təmin edildikdə layihələr həm banklar, həm də investorlar üçün daha cəlbedici olur", - deyə o bildirib.
F.Quliyev qeyd edib ki, iri infrastruktur və enerji layihələrinin həyata keçirilməsi geniş əməkdaşlıq tələb edir.
"Yaxşı nümunə 315 meqavat gücündə Neftçala Günəş Elektrik Stansiyasıdır. Layihə ötən ay üç beynəlxalq maliyyə institutunun - Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankının maliyyələşdirməsi ilə maliyyə yekunlaşmasına çatıb", - deyə o vurğulayıb. Onun sözlərinə görə, kommersiya bankları, beynəlxalq maliyyə institutları, inkişaf bankları, investorlar, texnologiya şirkətləri və layihə sahiblərinin hər birinin bu prosesdə mühüm rolu var.
F.Quliyev bildirib ki, "Azər-Türk Bank" dayanıqlı inkişafı və yaşıl layihələri gələcək iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirir.
O qeyd edib ki, Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən şirkətlərdən biri də konfrans çərçivəsində panel müzakirəsində iştirak edəcək "Azerbaijan Green Energy Company"dir.
"Şirkətin layihələr portfelinə Cəbrayılda 50 meqavatlıq günəş elektrik stansiyası, Kəlbəcərdə 240 meqavatadək gücə malik külək layihəsi, Naxçıvanda günəş enerjisi layihəsi və Xəzər dənizində dəniz külək enerjisi üzrə ilkin işlər daxildir. Ötən ay isə "Azerbaijan Green Energy Company" Qaradağda əlavə 350 meqavatlıq günəş enerjisi, batareya enerji saxlanc sistemi və sutka ərzində fasiləsiz bərpa olunan enerji imkanlarının araşdırılması ilə bağlı "Masdar" şirkəti ilə saziş imzalayıb", - deyə F.Quliyev bildirib.
Baş kommersiya direktoru Azərbaycanın bərpa olunan enerji sahəsində qarşıya konkret milli hədəflər qoyduğunu da diqqətə çatdırıb.
"2030-cu ilədək bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsal gücündə payının 30 faizə çatdırılması, istixana qazı emissiyalarının isə 35 faiz azaldılması nəzərdə tutulur", - deyə o qeyd edib.
F.Quliyev bildirib ki, təkcə Neftçala Günəş Elektrik Stansiyasının ildə təxminən 140 min ev təsərrüfatını təmin edəcək həcmdə təmiz elektrik enerjisi istehsal edəcəyi və hər il təxminən 280 min ton karbon emissiyasının qarşısını alacağı gözlənilir.
O vurğulayıb ki, bərpa olunan enerji və müasir enerji infrastrukturu yalnız ekoloji baxımdan deyil, həm də enerji təhlükəsizliyi, iqtisadiyyatın şaxələndirilməsi və uzunmüddətli rəqabət qabiliyyəti baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, ötən il Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi təxminən 1,7 milyard avro təşkil edib.
"Bu ilin əvvəlindən etibarən Azərbaycan qazı Almaniyaya illik 1,5 milyard kubmetr həcmində qaz tədarükünü nəzərdə tutan 10 illik saziş çərçivəsində nəql olunur", - deyə o qeyd edib.
