Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Fort-Hud bazasında atəş açaraq 13 nəfəri qətlə yetirən və daha 32 nəfəri yaralayan Fələstin əsilli amerikalı hərbi psixiatr Nidal Həsənin güllələnərək edam edilməsinə razılıq verib.
Bu barədə ABŞ müharibə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat verib.
“ABŞ Hərbi naziri Pit Heqsetin tövsiyəsi əsasında Prezident Donald Tramp 2009-cu ildə Fort-Hudda silahsız amerikalı hərbçilərə atəş açan məhkum terrorçu Nidal Malik Həsənin ABŞ Ordusunun atəş dəstəsi tərəfindən güllələnərək edam edilməsini təsdiqləyib. Hücum zamanı o, 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb ”, – deyə Parnell X sosial şəbəkəsində yazıb.
Bu, ABŞ hərbi bazalarının ərazisində indiyədək törədilmiş bu xarakterli ən böyük cinayət olub. 2009-cu ilin noyabrında saxlanılarkən Həsən bir neçə güllə yarası alıb və nəticədə beldən aşağı iflic olub. 2013-cü ilin avqustunda andlılar heyəti onu yekdilliklə ölüm cəzasına məhkum edib. Məhkəmə Fort-Hud ərazisində keçirilib. Hərbçi vəkil tutmadan prosesdə hüquqlarını özü müdafiə edib və günahsızlığını sübut etməyə çalışmayıb.
