“Ələt” Azad İqtisadi Zonasında yeni hava limanı 2027-ci ildə hazır olacaq

İqtisadiyyat Xəbər 6 Oktyabr 2026 10:42 (UTC +04:00)
“Ələt” Azad İqtisadi Zonasında yeni hava limanı 2027-ci ildə hazır olacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

“Ələt” Azad İqtisadi Zonasındakı (AİZ) hava limanı 2027-ci ilin mart ayının sonu – aprel ayının əvvəlinə qədər istismara hazır olacaq.

Trend-in müxbiri xəbər verir ki, , bunu çərşənbə axşamı “Ələt” AİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Almaniya-Azərbaycan: Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

Onun sözlərinə görə, “Ələt” AİZ-in cəlbediciliyinin səbəblərindən biri onun “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşməsidir.

“Müasir yüksək texnologiyalı istehsalın bir çox sektor və sahələri üçün nəqliyyat infrastrukturuna çıxışın həyati əhəmiyyət daşıdığını nəzərə alaraq, yerli yük aviadaşıyıcısı “Silk Way Airlines” ilə “Ələt” AİZ ərazisində hava limanının və ona bitişik logistika infrastrukturunun inkişaf etdirilməsi barədə razılığa gəlmişik”, - deyə Ələsgərov bildirib.

O qeyd edib ki, bu layihənin həyata keçirilməsi üçün 750 hektar ərazi ayrılıb.

“Bu hava limanının tikintisinə 2024-cü ilin aprelində başlanılıb, tikinti işləri bu ilin sonunda başa çatacaq və hava limanı 2027-ci ilin mart ayının sonu – aprel ayının əvvəlinədək istismara hazır olacaq”, - deyə İdarə Heyətinin sədri bildirib.

Onun sözlərinə görə, ilk mərhələdə hava limanının illik ötürücülük qabiliyyəti 500 min ton təşkil edəcək və sonradan bu göstəricinin ildə ən azı 2 milyon tona çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) təşkilatçılığı ilə “Almaniya-Azərbaycan: Strateji Tərəfdaşlıq və Bağlantılar ” mövzusunda konfrans keçirilir. Tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edirlər.

Konfrans Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma layihələri üçün maliyyələşmənin səfərbər edilməsinə həsr olunub.

Proqrama həmçinin Orta Dəhlizin inkişafı, investisiyaların cəlb edilməsi, yaşıl enerji, dövlət-özəl tərəfdaşlığı, rəqəmsal transformasiya və kibertəhlükəsizlik məsələləri üzrə panel müzakirələri və B2G dəyirmi masaları daxildir. Konfrans Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsinə, həmçinin infrastruktur, enerji, nəqliyyat, logistika və rəqəmsallaşma sahələrində yeni tərəfdaşlıqların formalaşdırılmasına yönəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti