Bakı. Trend:
Əlavə təsirlər barədə bildirişlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə elektron şəkildə və ya kağız daşıyıcı da təqdim edilə bilər.
Bu fikirləri “Sağlam radio” nun (93 FM) “Sağlam səhər” proqramında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin eksperti Fəridə Aslanlı açıqlayıb.
Onun sözlərinə görə, əlavə təsirlər barədə bildiriş təqdim edilərkən müəyyən məlumatların qeyd olunması zəruridir.
“Başqa sözlə, əlavə təsirlər barədə bildirişlərdə əks etdirilməli olan minimum məlumatlar aşağıdakılardır:
bildirişi təqdim edən şəxs barədə məlumatlar;
pasient haqqında məlumatlar;
dərman vasitəsi haqqında məlumatlar;
əlavə təsir haqqında məlumatlar.
Əlavə təsirlər haqqında bildirişlər ilkin olaraq qəbul edildikdə, onların ehtiva etdiyi məlumatlar natamam ola bilər. Belə hallarda əlavə təsirin yaranma səbəblərini elmi cəhətdən qiymətləndirmək və digər zəruri məlumatları əldə etmək məqsədilə bildirişlər əlavə araşdırılır”.
F. Aslanlı bildirib ki, əlavə təsir barədə məlumat bilavasitə pasientdən və ya istehlakçıdan alındıqda və təqdim olunan məlumatlar natamam olduqda, əlavə məlumatların əldə edilməsi məqsədilə müvafiq tibb işçisi ilə əlaqə saxlanılmasına razılığın alınmasına cəhd göstərilməlidir.
“Şübhəli əlavə təsirlər haqqında kağız formatında təqdim edilən bildirişlər və elektron məlumatlar, o cümlədən pasientlərin və bildiriş təqdim edən şəxslərin identifikasiyasına imkan verən şəxsi məlumatlar, məlumatların toxunulmazlığına dair milli qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanılmalı və digər tibbi qeydlərlə eyni qaydada qorunmalıdır.
Farmakonəzarət üzrə məlumatların konfidensiallığının və təhlükəsiz saxlanılmasının təmin edilməsi məqsədilə sənədlərə və məlumat bazasına yalnız səlahiyyətli personalın çıxışına ciddi nəzarət olunur. Təqdim edilən şəxsi məlumatların konfidensiallığı “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın 19.2-ci bəndinin tələblərinə əsasən Mərkəz tərəfindən təmin edilir.
Əlavə olaraq qeyd edim ki, Mərkəz əlavə təsirlər barədə bildirişlərdə toplanan məlumatların müntəzəm olaraq Ümumdünya Səhiyyə Təşkilatının Dərman Vasitələrinin Monitorinqi Mərkəzinə təqdim olunmasını da təmin edir”.
