Bakı. Trend:
Azərbaycan Avropa üçün yalnız enerji istehsalçısı deyil, həm də Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunu birləşdirən enerji bağlantısı ölkəsi kimi mühüm rol oynaya bilər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu "Siemens Energy" şirkətinin Avropa üzrə baş vitse-prezidenti və rəhbəri Frederik Doye çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, "Siemens Energy" dünyanın aparıcı enerji texnologiyaları şirkətlərindən biridir və təxminən 100 min əməkdaşı var.
"Texnologiyalarımız dünya üzrə elektrik enerjisinin təxminən altıda birinin istehsalına kömək edir. Biz qaz turbinləri istehsal edir, dənizdə yerləşən külək elektrik stansiyalarını enerji şəbəkələrinə qoşur, elektrik şəbəkələrini modernləşdirir və elektrik enerjisini minlərlə kilometr məsafəyə ötürən sistemlər hazırlayırıq", - deyə F.Doye bildirib.
Onun sözlərinə görə, "Siemens Energy" uzun illərdir Azərbaycandakı müştəri və tərəfdaşlarla əməkdaşlıq edir və ölkənin enerji transformasiyasını dəstəkləməyə davam etməkdə qərarlıdır.
F.Doye qeyd edib ki, Avropa hazırda iqtisadi, sənaye və enerji tərəfdaşlıqlarını yenidən müəyyənləşdirir.
"Təchizat zəncirləri dəyişir, yeni ticarət marşrutları yaranır və enerji təhlükəsizliyi dövrümüzün əsas strateji məsələlərindən birinə çevrilib. Bu baxımdan Alman-Azərbaycan Bağlantılılıq Konfransı tam vaxtında keçirilir", - deyə o vurğulayıb.
O, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) iki ölkənin biznes nümayəndələrini bir araya gətirməsini yüksək qiymətləndirib.
F.Doyenin sözlərinə görə, AHK Azərbaycan son on ildə Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığının mühüm platformalarından birinə çevrilib. O bildirib ki, təxminən 200 üzv şirkəti birləşdirən palata biznes, investorlar və siyasətçilər arasında körpü rolunu oynayır və iki ölkə arasında dialoqun gücləndirilməsinə mühüm töhfə verir.
"Bu dialoq artıq nəticələrini də göstərir. Bu gün Azərbaycanda 250-dən çox Almaniya şirkəti fəaliyyət göstərir və ikitərəfli ticarətin illik həcmi təxminən 1,7 milyard avroya çatıb. Əməkdaşlığımız ənənəvi enerji ticarətindən logistika, texnologiya, sənaye və bərpa olunan enerji sahələrinə doğru genişlənir", - deyə o qeyd edib.
"Siemens Energy"nin region rəhbəri bildirib ki, "bağlantılılıq" dedikdə adətən yollar, dəmir yolları, limanlar və ticarət marşrutları nəzərdə tutulur. Lakin onun sözlərinə görə, qarşıdakı onilliklərdə enerji bağlantıları da ən azı bu amillər qədər əhəmiyyətli ola bilər.
"Ölkələr arasında təmiz, etibarlı və əlçatan enerjinin ötürülməsi imkanları getdikcə daha vacib olur. Bərpa olunan enerji resursları ilə zəngin regionları elektrik enerjisinə təhlükəsiz çıxışa ehtiyacı olan sənaye və cəmiyyətlərlə birləşdirmək, nəticədə enerjini dayanıqlılıq, artım və rifah mənbəyinə çevirmək imkanından söhbət gedir", - deyə F.Doye bildirib.
O, bu yanaşmanı "Enerji Təhlükəsizliyi 2.0" adlandırıb.
"Onilliklər ərzində enerji təhlükəsizliyi əsasən yanacaq təminatının təhlükəsizliyi ilə bağlı olub. Bu gün isə söhbət daha çox sistemlərin təhlükəsizliyindən gedir. Bu, dayanıqlı infrastruktur, güclü elektrik şəbəkələri, diversifikasiya və çeviklik deməkdir. Getdikcə daha çox etibarlı və təmiz elektrik enerjisinə çıxış da enerji təhlükəsizliyinin tərkib hissəsinə çevrilir", - deyə o vurğulayıb.
F.Doye Azərbaycanın bu yeni reallıqda xüsusi əhəmiyyətə malik ola biləcəyini bildirib.
"Bir çoxları hələ də Azərbaycanı əsasən enerji istehsalçısı kimi görür. Hesab edirəm ki, Avropa Azərbaycanı getdikcə daha çox başqa bir aspektdən - enerji bağlantısı kimi görməlidir. Azərbaycan Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunun kəsişməsində yerləşən və dünyanın perspektivli bərpa olunan enerji resurslarını Avropanın istehlakçıları və sənayesi ilə birləşdirə bilən ölkədir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu imkan ən aydın şəkildə hazırda formalaşmaqda olan yaşıl enerji dəhlizi təşəbbüslərində özünü göstərir.
F.Doye bildirib ki, bu layihələr Avropanın gələcəyi üçün strateji əhəmiyyət daşıyır. İlk layihə Azərbaycanı, Gürcüstanı, Rumıniyanı və Macarıstanı birləşdirən Qara dəniz Yaşıl Enerji Dəhlizidir.
"Bu layihənin qarşısına qoyduğu məqsəd olduqca böyükdür: yeni yüksək gərginlikli sabit cərəyan (HVDC) ötürücü infrastrukturu vasitəsilə Xəzər regionundan Avropa İttifaqına 4 giqavatadək bərpa olunan elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur. Layihə artıq Avropanın planlaşdırma proseslərinə daxil edilib və texniki-iqtisadi əsaslandırma işləri davam edir", - deyə o bildirib.
F.Doye qeyd edib ki, ikinci təşəbbüs bu vizyonu daha da genişləndirir. Belə ki, Azərbaycanı Qazaxıstan və Özbəkistanla birləşdirməklə Mərkəzi Asiyanın böyük bərpa olunan enerji potensialından istifadə etmək və onu Avropanın tələbat mərkəzləri ilə əlaqələndirmək məqsədi daşıyır.
"Bu layihələr birlikdə Avrasiya üzrə enerji axınlarını əsaslı şəkildə dəyişə bilər. Əsrlər boyu İpək Yolu malların hərəkəti vasitəsilə Şərqlə Qərbi birləşdirib. Yaşıl enerji dəhlizi isə Şərqlə Qərbi təmiz enerjinin hərəkəti vasitəsilə birləşdirə bilər", - deyə "Siemens Energy" rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, bu, Azərbaycan, Almaniya və Avropanın enerji şirkətləri arasında daha dərin əməkdaşlıq üçün əhəmiyyətli imkanlar açır.
F.Doye ilk növbədə bərpa olunan enerji istehsalının inkişafının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Xəzər regionu həm dənizdə külək enerjisi, həm də iri miqyaslı günəş enerjisi layihələri üçün böyük potensiala malikdir və bu imkanlar həm regional inkişafa, həm də Avropanın karbonsuzlaşma hədəflərinə töhfə verə bilər.
İkinci mühüm istiqamətin ötürücü infrastrukturu olduğunu bildirən F.Doye qeyd edib ki, bərpa olunan elektrik enerjisi istehlakçılara çatdırılmadığı halda iqtisadi dəyər yaratmır.
"Bu səbəbdən HVDC bağlantılarının, yarımstansiyaların, interkonnektorların və müasir elektrik şəbəkəsi infrastrukturunun qurulması bərpa olunan enerji istehsalının yaradılması qədər vacib olacaq", - deyə o bildirib.
F.Doye gələcəyin enerji sistemlərində rəqəmsallaşma və
sistemlərin inteqrasiyasının da mühüm rol oynayacağını
vurğulayıb.
"Gələcəyin enerji sistemləri yalnız təmiz deyil, həm də dayanıqlı,
çevik və ağıllı olmalıdır", - deyə o əlavə edib.
O bildirib ki, uzunmüddətli dəyər yaratmaq üçün dövlət qurumları
və texnologiya təminatçıları arasında əməkdaşlıq vacibdir.
"Avropa İttifaqının bu təşəbbüslərə strateji əhəmiyyət verməsinin
səbəbi də budur. Prezident Ursula fon der Lyayen ilk gündən bu
vizyonu dəstəkləyib və Avropa Komissiyası onun həyata keçirilməsinə
dəstək məqsədilə 2,3 milyard avroyadək vəsait ayırmağı təklif
edib", - deyə F.Doye bildirib.
Onun sözlərinə görə, enerji keçidinin növbəti mərhələsini nə qədər
bərpa olunan enerji istehsal edə biləcəyimiz deyil, bu enerjini nə
dərəcədə səmərəli şəkildə birləşdirə və ötürə biləcəyimiz müəyyən
edəcək.
"Bu, müasir infrastruktur tələb edir, lakin hər şeydən əvvəl tərəfdaşlıq lazımdır. Heç bir ölkə bu sistemləri təkbaşına qura bilməz. Heç bir şirkət də bunu təkbaşına həyata keçirə bilməz. Avropanın enerji gələcəyi də ölkələrin ayrı-ayrılıqda fəaliyyət göstərməsi ilə qurulmayacaq. Bu gələcək tərəfdaşlıqlar vasitəsilə formalaşacaq", - deyə "Siemens Energy" rəhbəri vurğulayıb.
F.Doye qeyd edib ki, bu tərəfdaşlıqlar hökumətlər və sənaye arasında, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlığı, həmçinin vizyonu infrastruktura, bağlantılılığı isə rəqabət qabiliyyətinə çevirən birgə fəaliyyəti əhatə etməlidir.
"Bu prosesdə Azərbaycanın mühüm və həlledici rol oynamaq imkanı var", - deyə o bildirib.
F.Doye "Siemens Energy"nin Azərbaycanın enerji potensialının inkişaf etdirilməsi və "yaşıl enerji dəhlizləri"nin yaradılmasını dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.
"Siemens Energy" olaraq bu imkanlardan böyük məmnunluq duyuruq və texnologiyalarımızı, təcrübəmizi və ekspertizamızı Azərbaycanın enerji hədəflərini və yaşıl enerji dəhlizlərinin inkişafını dəstəkləməyə yönəltməyə sadiqik", - deyə o qeyd edib.
"Azərbaycan bu yolda "Siemens Energy"ni etibarlı və uzunmüddətli tərəfdaş kimi qəbul edə bilər", - deyə F.Doye əlavə edib.
