Bakı. Trend:
5 oktyabr tarixində Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub.
"Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd
Həmzə oğlu itkin düşüb. Hal-hazırda, müvafiq axtarış tədbirləri
həyata keçirilir. Gəmi heyətində olan digər vətəndaşlarımız xilas
edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin
diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli
qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza
zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak
olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı
müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri
tədbirlər görülür.
Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə
başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını
arzulayırıq", - deyə məlumatda bildirilib.
Xarici İşlər Nazirliyi bir daha, Azərbaycan vətəndaşlarına hərbi
əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit
olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə də riskli
marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə
gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış
edib.
