Bakı. Trend:
Azərbaycanda farmakonəzarət sahəsində fəaliyyətin təşkili Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir.
Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin eksperti Fəridə Aslanlı səsləndirib.
Onun sözlərinə görə, 2010-cu ildə Analitik Ekspertiza Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqi və razılığı əsasında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanın Milli Farmakonəzarət Mərkəzi kimi tanınıb.
Ekspert qeyd edib ki, farmakonəzarət yalnız Analitik Ekspertiza Mərkəzinin fəaliyyəti ilə məhdudlaşmır.
“Bu sistemdə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, eləcə də dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibləri iştirak edirlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisələrdə farmakonəzarət üzrə məsul şəxslər təyin edilir. Dərman vasitələrinin təhlükəsizliyi ilə bağlı məlumatlar toplanır, qiymətləndirilir və aidiyyəti üzrə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təqdim olunur”.
Fəridə Aslanlı bildirib ki, Azərbaycan ÜST-nin Beynəlxalq Dərman Monitorinqi Proqramının 130-cu tamhüquqlu üzvü kimi 23 yanvar 2018-ci ildən etibarən tanınıb və proqram çərçivəsində fəaliyyətini, eləcə də beynəlxalq əməkdaşlığını davam etdirir.
Onun sözlərinə görə, bu əməkdaşlıq nəticəsində Azərbaycanda qeydiyyata alınmış dərman vasitələrinin əlavə təsirləri barədə məlumatlar ÜST-nin qlobal farmakonəzarət bazasına ötürülür.
“Bu məlumatlar beynəlxalq səviyyədə dərman vasitələrinin təhlükəsizliyinin qiymətləndirilməsinə töhfə verir. Əməkdaşlıq həm ölkəmizdə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsinə, həm də qlobal miqyasda dərman təhlükəsizliyi ilə bağlı məlumat mübadiləsinin gücləndirilməsinə xidmət edir”.
