Bakı. Trend:
Azərbaycanda və regionda bərpa olunan enerji layihələrinə investisiyaların genişləndirilməsi üçün həm yerli, həm də sərhədlərarası şəbəkə bağlantılarının inkişafı mühüm əhəmiyyət daşıyır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “Azerbaijan Green Energy Company”nin (AGEC) İdarə Heyəti sədrinin müavini Xəyalə Nağıyeva çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, AGEC Azərbaycanda və regionda bərpa olunan enerji investisiyalarına yönəlmiş xalis investisiya şirkətidir və fəaliyyətinə 2023-cü ildə başlayıb.
“Keçən ilə qədər faktiki olaraq startap şirkəti idik. Lakin ötən ildən etibarən nəzərdə tutduğumuz strateji plandan daha tez aktiv böyümə mərhələsinə qədəm qoyduq. Bu sürətli inkişaf bazar tələbi və regiondakı dinamika ilə şərtlənib. Həm hökumət, həm də beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən bərpa olunan və yaşıl enerji gündəliyi bu prosesdə böyük rol oynayıb”, - deyə X.Nağıyeva qeyd edib.
Onun sözlərinə görə, hazırda şirkətin portfelində kommersiya miqyaslı iki günəş və iki külək enerjisi layihəsi var.
“Günəş enerjisi sahəsində gözlədiyimizdən daha sürətli irəliləyiş əldə etmişik. Layihələrdən biri artıq Naxçıvanda quraşdırılıb və 25 MVt gücə malikdir. Cəbrayıldakı günəş layihəsində isə hazırda tikinti işlərinin təxminən ortasındayıq”, - deyə o bildirib.
X.Nağıyeva əlavə edib ki, şirkət həm quruda, həm də dənizdə külək enerjisi layihələri üzrə ilkin inkişaf mərhələsindədir.
“Bu layihələrin reallaşması üçün müxtəlif məsləhətçilər və texniki ekspertlərlə sıx əməkdaşlıq edirik. Biz növbəti addımlarımızı və yol xəritəmizi aydın şəkildə görürük”, - deyə AGEC rəsmisi vurğulayıb.
O qeyd edib ki, dövlət qurumlarının və hökumətin rolunu yalnız tərəfdaşlıq çərçivəsində deyil, həm də layihələri mümkün edən və dəstəkləyən mexanizm kimi qiymətləndirmək lazımdır.
“Özəl investor baxımından bu cür layihələrdə idarəetmənin etibarlılığı, şəffaf tənzimləmə bazası, sabit tariflər, dövlət zəmanətləri, bank dəstəyi və etibarlı podratçılar və təchizatçılar həlledici rol oynayır. Dövlət və özəl sektor arasında koordinasiya layihələrin uğuru və investisiya risklərinin azaldılması üçün vacibdir”, - deyə X.Nağıyeva bildirib.
AGEC rəsmisinin sözlərinə görə, investisiya qərarları və maliyyələşmə özəl sektorun öhdəsində qalmalıdır, lakin torpaq sahələrinin ayrılması, icazələrin alınması və tənzimləmə məsələləri dövlətin səlahiyyətində olduğundan dövlət-özəl tərəfdaşlığı qaçılmazdır.
“Son üç il ərzində günəş layihələrimizlə bağlı danışıqlarda və şərtlərin razılaşdırılmasında kifayət qədər uğurlu təcrübəmiz olub. Bəzi normativ bazalar mövcud olsa da, prosessual baxımdan müəyyən boşluqlar qalır. Məsələn, yol xəritəsinin haradan başlayıb harada bitdiyi və hər mərhələdə hansı addımların atılmalı olduğu tam aydın deyil. Bu, investor üçün müəyyən çətinlik yaradır. Hesab edirəm ki, dövlət sektoru bu mexanizmlərin daha tətbiqolunan olması istiqamətində işləməlidir”, - deyə o əlavə edib.
X.Nağıyeva bildirib ki, ilk layihələr həyata keçirilərkən həm dövlət, həm də yerli investor üçün proseslər yeni olduğundan tərəflər “edərək öyrənmək” prinsipi ilə hərəkət ediblər.
“Bu gün isə idarəetmənin necə olmalı olduğu, risklərin kimin üzərində qaldığı və onların necə azaldılması ilə bağlı daha aydın anlayışımız var. İndi bu təcrübəni rəsmiləşdirmək, sənədləşdirmək və şəffaf şəkildə bütün tərəflərə təqdim etmək lazımdır”, - deyə AGEC rəsmisi qeyd edib.
Onun sözlərinə görə, şəbəkəyə qoşulma şirkətin böyüməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Böyümə mərhələsində olan şirkət kimi bizim üçün şəbəkəyə qoşulma sadəcə bazara və ya son istehlakçıya çıxış yolu deyil, bu, bizim üçün miqyaslanma məsələsidir. Həm yerli, həm də regional və sərhədlərarası şəbəkəyə qoşulma imkanları olmasa, investorların yaşıl enerji sahəsində bizneslərini genişləndirməsi çox çətin olacaq”, - deyə X.Nağıyeva vurğulayıb.
O qeyd edib ki, etibarlı alıcıların, düzgün enerji alqı-satqısı müqavilələrinin (PPA) və real tələbatın mövcudluğu investisiyaların cəlbediciliyi üçün əsas şərtlərdəndir.
“İnvestisiya etmək istəyimiz olsa belə, etibarlı alıcılar, düzgün PPA-lar və real tələbat olmasa, bu investisiyalar cəlbedici olmayacaq. Çünki bazar və region məhduddur. Bu baxımdan, sərhədlərarası şəbəkə bağlantıları biznesin genişləndirilməsi üçün həyati əhəmiyyət daşıyır”, - deyə o bildirib.
X.Nağıyeva əlavə edib ki, Avropa ölkələri və Avropa İttifaqı bazar imkanlarının yaradılması və öhdəliklərin götürülməsində mühüm rol oynaya bilər. Onun fikrincə, bu, Azərbaycanda və regionda bərpa olunan enerji investisiyalarının sürətlənməsinə təkan verə bilər.
AGEC sədr müavini bərpa olunan enerji sektorunda kiçik və orta sahibkarlıq subyektləri və kiçikmiqyaslı investisiyalar üçün də geniş imkanların yaradılmasının vacibliyini vurğulayıb.
“Bunun üçün qaydaları və prosedurları sadələşdirmək lazımdır. Bunu hazır paket məhsullar və ya “tək pəncərə” modeli kimi təsəvvür etmək olar. Maraqlı olan kiçik müəssisələr və ya fərdlər hazır paket məhsulu əldə edib tətbiq edə bilərlər”, - deyə X.Nağıyeva qeyd edib.
O bildirib ki, tarif qeyri-müəyyənliyi, şəbəkəyə qoşulma çətinlikləri və mürəkkəb texniki tələblər KOB-ların bərpa olunan enerji sektoruna inteqrasiyasını çətinləşdirir.
“Bu məsələlər həll olunmadığı təqdirdə KOB-ların şəbəkə səviyyəsinə inteqrasiya olunması və bu sahəyə maraq göstərməsi çox mürəkkəb olaraq qalacaq”, - deyə o əlavə edib.
