Bakı. Trend:
Almaniyanın külək turbinləri istehsalçısı “Enercon” şirkəti Azərbaycanda fəaliyyət imkanlarını və külək turbinlərinin istehsalının təşkili perspektivlərini araşdırır.
Bunu Almaniyanın “Enercon” şirkətinin nümayəndəsi Tayfun Bayraktar çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, hazırda “Enercon”un Azərbaycanda birbaşa fəaliyyəti yoxdur, lakin şirkətin Türkiyə ofisi Azərbaycan istiqamətinə də nəzarət edir.
“Hazırda Azərbaycandakı investisiya imkanlarını, külək turbinləri istehsalçısı kimi burada necə aktiv fəaliyyət göstərə biləcəyimizi araşdırırıq. Dövlət qurumlarının nümayəndələri ilə tanış olmağa və əlaqələr qurmağa çalışırıq”, - deyə T.Bayraktar qeyd edib.
Şirkət nümayəndəsinin sözlərinə görə, Azərbaycanda külək turbinlərinin istehsalı və quraşdırılması ilə bağlı mümkün investisiyanın həcmi layihənin miqyasından və tələbatdan asılı olacaq.
“İnvestisiya məsələsinə gəldikdə, hazırda bir ədəd 7 MVt gücündə külək turbininin investisiya dəyəri təxminən 7-8 milyon avroya çatır. Bu rəqəm tələbatdan asılı olaraq dəyişə bilər”, - deyə o bildirib.
T.Bayraktar qeyd edib ki, “Enercon” Azərbaycanda Almaniya maliyyələşməsi və Almaniya istehsal texnologiyalarından istifadə etməklə külək turbinlərinin quraşdırılması və gələcəkdə istehsalının təşkili imkanlarını nəzərdən keçirir.
“Bizim burada məqsədimiz Almaniya şirkəti olaraq Almaniya maliyyələşməsi ilə birlikdə Almaniya istehsalını Azərbaycana gətirmək və burada külək turbinlərinin quraşdırılmasını mümkün etməkdir. Çünki Azərbaycanın bərpa olunan enerji və yaşıl enerji ilə bağlı hədəfləri var”, - deyə şirkət nümayəndəsi vurğulayıb.
O bildirib ki, Azərbaycan bərpa olunan enerji gücünün artırılması istiqamətində qarşıya mühüm hədəflər qoyub və bu, xarici texnologiya şirkətləri üçün də imkanlar yaradır.
“Hazırda bazarda, ümumiyyətlə, Çin şirkətləri aktivdir. Ərəb şirkətləri də var. Biz isə Alman şirkəti olaraq Alman texnologiyasını və Alman maliyyələşməsini Azərbaycana necə gətirə biləcəyimizi araşdırırıq”, - deyə T.Bayraktar qeyd edib.
Şirkət nümayəndəsi Azərbaycandan “Enercon”a bu istiqamətdə rəsmi müraciətin hələlik daxil olmadığını bildirib.
“Hazırda belə bir müraciət yoxdur. Açığı, ilk növbədə bu imkanları özümüz yaratmağa çalışırıq. Bu konfransın da Almaniya-Azərbaycan bağlantılarına həsr olunması Azərbaycan tərəfinin bu istiqamətdə müəyyən tələbinin olduğunu göstərir”, - deyə o əlavə edib.
T.Bayraktar qeyd edib ki, danışıqlar uğurla nəticələnərsə, gələcəkdə Azərbaycanda külək turbinlərinin istehsalı üzrə müəssisənin yaradılması və istehsal olunan məhsulların ixracı da mümkün ola bilər.
“Əlbəttə, zamanla belə bir imkan yarana bilər. Türkiyədə də başlanğıcda külək turbinlərinin istehsalı yox idi. Təxminən 25 il əvvəl, 2000-ci illərin əvvəlində Türkiyədə bu sahədə demək olar ki, heç nə yox idi. Amma indi Türkiyədə həm istehsal, həm də müvafiq sənaye imkanları mövcuddur”, - deyə o bildirib.
