"VNG AG" SOCAR-la bağlanmış müqaviləni 15-20 ilədək uzatmağa hazırdır (ÖZƏL)

İqtisadiyyat Xəbər 6 Oktyabr 2026 12:05 (UTC +04:00)
"VNG AG" SOCAR-la bağlanmış müqaviləni 15-20 ilədək uzatmağa hazırdır (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın "VNG AG" şirkəti Azərbaycandan təbii qaz idxalının həcmini artırmağa və müvafiq müqavilənin müddətini 15–20 ilədək uzatmağa hazırdır.

Bu barədə "VNG AG" şirkətinin baş vitse-prezidenti, Korporativ İnkişaf Departamentinin rəhbəri, şirkətin nümayəndəliyinin rəhbəri Oliver Hill çərşənbə axşamı Bakıda keçirilən Almaniya-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində Trend-ə bildirib.

“Bu ilin əvvəlində qaz tədarükünə başlamışıq və həcmi artırmaq istərdik. Müqavilənin müddətinin uzadılmasına da açığıq. 15–20 illik müqavilələr, eləcə də hazırkı həcmdən daha çox qaz tədarükü ilə bağlı danışıqlar aparmağa hazırıq”, - deyə o bildirib.

Onun sözlərinə görə, tədarük həcminin artırılması və müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlara başlanılması "VNG AG" ilə SOCAR arasında imzalanmış əməkdaşlıq sazişində nəzərdə tutulub.

“Bu, böyük ölçüdə Azərbaycandan asılıdır. Biz həcmləri artırmağa hazırıq”, - deyə Hill qeyd edib.

O bildirib ki, Azərbaycanın ixrac potensialının artırılması üçün mümkün variantlardan biri ölkə daxilində daxili tələbat üçün istifadə olunan təbii qazın bir hissəsinin bərpaolunan enerji mənbələri ilə əvəzlənməsi ola bilər.

“İdeya ondan ibarətdir ki, ölkə daxilində istifadə olunan qazın bir hissəsi, ola bilsin, bərpaolunan enerji mənbələri ilə əvəzlənsin. Çünki qazı Avropaya tədarük etmək bərpaolunan enerjini tədarük etməkdən daha asandır”, - deyə "VNG AG" nümayəndəsi bildirib.

Hill həmçinin bildirib ki, təxminən bir həftə əvvəl "VNG AG" ilə SOCAR arasında əməkdaşlıq sazişi imzalandıqdan sonra tərəflər işçi qruplarının yaradılmasına başlayırlar.

“Hazırda bu dörd istiqamətin hər biri üzrə SOCAR və "VNG AG" arasında işçi qrupları yaradırıq, daha sonra mütəmadi görüşlər keçirəcək və bu məsələlər üzrə imkanları müəyyənləşdirməyə və onları işləyib hazırlamağa çalışacağıq”, - deyə o bildirib.

Onun sözlərinə görə, saziş Cənub Qaz Dəhlizinin və uzunmüddətli qaz tədarükünün gücləndirilməsi, Aİ-nin metan emissiyalarının tənzimlənməsi sahəsində tələblərinin yerinə yetirilməsi, həmçinin hidrogen və ondan ərsəyə gələnlər, o cümlədən ammonyak, sintetik metan və e-yanacaqla bağlı texnologiyaların inkişafı üzrə əməkdaşlığı nəzərdə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti