AİB Azərbaycanda özəl sektorun maliyyələşdirilməsini artırmağı planlaşdırır

İqtisadiyyat Xəbər 6 Oktyabr 2026 12:24 (UTC +04:00)
AİB Azərbaycanda özəl sektorun maliyyələşdirilməsini artırmağı planlaşdırır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) iqtisadiyyatın şaxələndirilməsi, müxtəlif sektorların karbonsuzlaşdırılması və özəl kapitalın cəlb olunması istiqamətində özəl sektorun inkişafına xüsusi diqqət yetirir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

O bildirib ki, iqtisadiyyatın daha şaxələndirilməsi üçün özəl sektorun kapitalından və yaradıcılıq potensialından daha geniş istifadə edilməli, eyni zamanda müxtəlif sektorların karbonsuzlaşdırılmasına dəstək göstərilməlidir.

“Bankın əsas strategiyalarından biri özəl sektorun inkişafıdır. AİB ənənəvi olaraq uzun müddət hökumətlər üçün maliyyə mənbəyi kimi fəaliyyət göstərib. Buna görə də özəl sektorun inkişafına niyə diqqət yetirdiyimizlə bağlı suallar yaranır. Səbəb ondan ibarətdir ki, biz özəl sektorun kapitalın cəlb edilməsində çox mühüm rol oynadığına inanırıq və araşdırmalarımız da bunu göstərir”, - deyə S.Durrani-Camal qeyd edib.

Onun sözlərinə görə, kapitalın əhəmiyyətli hissəsi özəl sektorda cəmləşib. Bundan əlavə, texnoloji inkişafın mühüm hissəsi də məhz özəl sektorda baş verir.

“Daha önəmlisi odur ki, özəl sektorun səmərəliliyin artırılması və nəticələrə yönəlmənin təmin edilməsində böyük imkanları var. Məhz bu səbəblərdən bank 2030-cu ilədək illik özəl sektor maliyyələşdirməsini təxminən 13 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyub. Bu məbləğə həm öz maliyyələşdirməmiz, həm də səfərbər etdiyimiz vəsaitlər daxildir”, - deyə AİB rəsmisi bildirib.

S.Durrani-Camal vurğulayıb ki, bu hədəfə çatmaq üçün bank müxtəlif özəl sektor tərəfdaşları ilə əməkdaşlığa böyük önəm verir.

O qeyd edib ki, infrastruktur və bağlantı layihələri çərçivəsində özəl kapitalın cəlb edilməsi üçün müxtəlif maliyyə alətlərindən istifadə olunur.

“Əlbəttə, istifadə etdiyimiz sadə alətlərə kreditlər və kapital maliyyələşdirilməsi daxildir. Bundan başqa, A/B kreditləri, paralel maliyyələşdirmə, zəmanətlər və risklərin ötürülməsi kimi mexanizmlərdən də istifadə edirik”, - deyə S.Durrani-Camal əlavə edib.

AİB-in Azərbaycan üzrə ölkə direktoru bildirib ki, qeyd olunan maliyyə alətləri xüsusilə infrastruktur, bağlantı və bərpa olunan enerji kimi uzunmüddətli investisiya tələb edən sahələrdə özəl kapitalın cəlb olunmasına imkan yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti