AİB Azərbaycanda özəl investisiyaların cəlbi üçün yeni maliyyə alətlərindən istifadə edir - Sunniya Durrani-Camal

İqtisadiyyat Xəbər 6 Oktyabr 2026 12:43 (UTC +04:00)
AİB Azərbaycanda özəl investisiyaların cəlbi üçün yeni maliyyə alətlərindən istifadə edir - Sunniya Durrani-Camal
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda özəl investisiyaların cəlb edilməsini dəstəkləmək üçün zəmanətlər, qarışıq maliyyələşdirmə, texniki yardım və digər innovativ maliyyə alətlərindən istifadə edir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

Onun sözlərinə görə, AİB-in Azərbaycan üzrə ölkə tərəfdaşlıq strategiyası hökumətin inkişaf prioritetlərini dəstəkləməyə və müxtəlif mərhələlərdə ekosistemin fərqli iştirakçıları ilə işləyərək investisiyaların təşviqinə yönəlib.

S.Durrani-Camal qeyd edib ki, AİB-in Azərbaycandakı fəaliyyətinin nümunələrindən biri “Şahdəniz” qaz yatağının işlənməsi ilə bağlı layihə olub.

“Təxminən on il əvvəl hökumət "Şahdəniz" qaz yatağını inkişaf etdirirdi. Həmin dövrdə texniki və kommersiya riskləri də daxil olmaqla, müxtəlif səbəblərdən risklər çox yüksək qiymətləndirilirdi. Bu mərhələdə AİB kommersiya banklarına, o cümlədən bir sıra beynəlxalq kommersiya banklarına təxminən 500 milyon dollar həcmində qismən kredit zəmanəti təklif etdi”, – deyə o bildirib.

AİB rəsmisinin sözlərinə görə, bu mexanizm beynəlxalq investorların layihəyə cəlb edilməsinə kömək edib və gələcəkdə yerli kommersiya banklarının da bu cür layihələrdə iştirakına imkan yarada bilər.

O, bərpa olunan enerji layihələrini də AİB-in Azərbaycandakı fəaliyyətinin digər nümunəsi kimi göstərib.

“Biz AYİB və bir sıra digər tərəfdaşlarla birlikdə ölkədə ilk bərpa olunan enerji layihələrindən, xüsusilə günəş enerjisi layihələrindən bəzilərini maliyyələşdirmişik”, – deyə S.Durrani-Camal vurğulayıb.

Onun sözlərinə görə, AİB özəl sektora kommersiya şərtləri ilə maliyyələşdirmə təqdim etməyə çalışır. Lakin yeni sektorların inkişafının ilkin mərhələsində risklərin azaldılması üçün qarışıq maliyyələşdirmə kimi mexanizmlərdən istifadə olunur.

“Yeni sektor olduqda, ilk bir neçə layihə üçün riskləri və qəbul edilən riskləri azaltmağa kömək etmək məqsədilə qrant maliyyələşdirməsi və ya texniki yardım kimi alətlərdən istifadə edirik. Biz faiz dərəcəsini azaltmırıq, lakin əməliyyatların faktiki xərclərini və risklərini azalda biləcək əlavə imkanlar təqdim edirik”, – deyə o bildirib.

S.Durrani-Camal AİB-in Azərbaycanda ixrac və idxalın təşviqi istiqamətində də fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, bankın ticarət və təchizat zəncirinin maliyyələşdirilməsi proqramı çərçivəsində kommersiya bankları ilə əməkdaşlıq edilir və bununla daha kiçik ixracatçı və idxalçıların üzləşdiyi risklərin qəbul edilməsinə şərait yaradılır.

“Bu, birbaşa investisiya olmasa da, böyük potensiala malik sahədir. Xüsusilə kiçik təşkilatların beynəlxalq banklarla və onları tanımaya biləcək ixracatçılarla əlaqələndirilməsinə kömək edir. Biz öz münasibətlərimizdən istifadə edərək bu prosesdə vasitəçilik edirik”, – deyə AİB rəsmisi bildirib.

O, infrastruktur sahəsində təbii kapital və biomüxtəlifliyin qorunmasını da yeni investisiya imkanlarından biri hesab etdiyini deyib.

“İnfrastruktura təbiətə yatırılan investisiyaları da beton və kərpicdən ibarət infrastruktur layihələrinə qoyulan investisiyalar qədər real və konkret hesab etməyimiz çox vacibdir”, – deyə S.Durrani-Camal vurğulayıb.

Onun sözlərinə görə, təbii kapital və biomüxtəliflik layihələri güzəştli maliyyələşdirmə və təsir investisiyalarını cəlb edə bilər. O, yaşıl istiqrazlar və yaşıl maliyyələşdirməni də innovativ infrastrukturun inkişafında istifadə oluna biləcək alətlər sırasında qeyd edib.

AİB-in Azərbaycan üzrə ölkə direktoru dövlət şirkətləri ilə əməkdaşlığın da bankın strategiyasının mühüm istiqamətlərindən olduğunu bildirib.

“Azərbaycanda infrastrukturun böyük hissəsi hələ də dövlət müəssisələri tərəfindən inşa edilir. Buna görə də strategiyamız bir sıra əsas dövlət müəssisələri ilə işləmək, onların korporativ idarəetmə və maliyyə göstəricilərini, biznes strategiyalarını, eləcə də ekoloji və sosial göstəricilərini yaxşılaşdırmağa kömək etməkdir”, – deyə o qeyd edib.

S.Durrani-Camal bildirib ki, bu proses gələcəkdə bəzi dövlət şirkətlərinin ilkin kütləvi təklif (IPO) həyata keçirməsinə və daha çox özəl kapitala çıxış əldə etməsinə imkan yarada bilər.

“Bundan əlavə, özəl investisiyaların cəlb edilməsinə kömək edə biləcək siyasət islahatları üzərində işləmək üçün Maliyyə Nazirliyi, Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi ilə də əməkdaşlıq edirik”, – deyə AİB rəsmisi əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti