Bakı.Trend:
İstanbulun Başakşehir rayonunda 15 yaşlı məktəbli qız bıçaqla orta məktəbdə şagirdlərə hücum edib, azı beş nəfər yaralanıb.
Bu barədə NTV telekanalı rayon administrasiyasına istinadən məlumat yayıb.
Hadisə Kayabaşı məhəlləsində yerləşən Şeyx Şamil adına İmam Hatip məktəbində baş verib. Məktəbli qız təhsil müəssisəsinin binasına daxil olan şagird qızlara hücum edib.
Zərərçəkənlərin sayı ilə bağlı müxtəlif mənbələrdə fərqli məlumatlar yayılıb. Belə ki, Başakşehir rayonunun rəhbəri Cemil Özgür Öney yeddi şagird qızın yaralandığını və onlardan üçünün vəziyyətinin ağır olduğunu bildirib.
İlkin məlumatlara görə, hücum edən qız Küçükçekmece rayonundakı Fahreddin Kərim Gökay adına məktəbin 10-cu sinfində təhsil alır.
“Yeni Şafak”ın yazdığına görə, mühafizə əməkdaşı operativ şəkildə müdaxilə edərək hücum edən qızı tərksilah edib . Bununla da daha ağır nəticələrin qarşısı alınıb. Polis şübhəlini saxlayıb.
