Bakı. Trend:
Almaniya Azərbaycanın infrastruktur, enerji və iqtisadiyyatın şaxələndirilməsi sahələrində həyata keçirməyi planlaşdırdığı uzunmüddətli investisiya layihələri üçün ixrac kreditləri hesabına maliyyələşdirmənin təmin edilməsinə dəstək göstərə bilər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin (BMWE) baş direktor müavini Gerlind Hekman çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
Onun sözlərinə görə, Almaniya ixrac kreditlərinin dəstəklənməsi sistemini müasir qlobal dəyər zəncirlərinin reallıqlarına uyğunlaşdırmaq, Almaniya şirkətləri və ixracatçılarının rəqabət qabiliyyətini gücləndirmək, həmçinin Almaniya ixrac kreditləri üzrə təminatlarını beynəlxalq alıcılar və maliyyələşdirmə tərəfdaşları üçün daha cəlbedici etmək məqsədilə islahatlar həyata keçirib.
“Beynəlxalq təchizat zəncirləri getdikcə daha mürəkkəb və inteqrasiya olunmuş xarakter alır. Eyni zamanda, ixracatçı ölkələr arasında rəqabət ciddi şəkildə güclənib. Buna görə də modernləşdirmə paketi Almaniyanın ixrac maliyyələşdirməsinin həm ixracatçılar, həm də borcalanlar üçün rəqabətqabiliyyətli və aktual alət olaraq qalmasını təmin etmək məqsədi daşıyır”, – deyə o bildirib.
G.Hekman qeyd edib ki, islahat paketi çərçivəsində iki əsas tədbir xüsusilə əhəmiyyətlidir. Bunlardan biri “Flex & Cover” mexanizmidir.
“Ənənəvi olaraq Almaniyanın ixrac kreditləri üzrə təminatından yararlanmaq hüququ ayrı-ayrı ixrac müqavilələrində Almaniya mənşəli komponentlərin payı ilə sıx bağlı idi. Lakin bu yanaşma qlobal miqyasda fəaliyyət göstərən şirkətlərin bu gün necə işlədiyini hər zaman əks etdirmir. “Flex & Cover” çərçivəsində biz şirkətin Almaniyadakı ümumi iqtisadi fəaliyyətinə daha geniş baxırıq. Burada məşğulluq, investisiya və yaradılan əlavə dəyər kimi amillər nəzərə alınır”, – deyə G.Hekman vurğulayıb.
Onun sözlərinə görə, bu yanaşma Almaniya ixracatçılarına beynəlxalq təchizat zəncirlərini daha çevik şəkildə təşkil etməyə və eyni zamanda ixrac kreditləri üzrə dövlət dəstəyindən yararlanmağa imkan verir.
“Eyni zamanda, yerli alıcılar da bundan faydalanır, çünki bir neçə mənbədən satınalmaların idarə olunması ilə bağlı mürəkkəblik əhəmiyyətli dərəcədə azaldıla bilər”, – deyə o əlavə edib.
Nazirlik rəsmisi digər mühüm mexanizmin “Shopping Line Cover” olduğunu bildirib. Onun sözlərinə görə, bu alət alıcılara və maliyyələşdirən banklara sonradan bir neçə Almaniya təchizatçısından alışların həyata keçirilməsi üçün istifadə edilə biləcək maliyyələşdirmə çərçivəsi yaratmağa imkan verir.
“Borcalanlar üçün bu, xüsusilə bir ixracatçıdan deyil, bir neçə
Almaniya şirkətindən texnologiya, avadanlıq və xidmətlər tələb edən
iri investisiya proqramları baxımından satınalmaları daha çevik və
səmərəli edir”, – deyə G.Hekman qeyd edib.
O bildirib ki, ixrac kreditləri üzrə dövlət dəstəyinin beynəlxalq
alıcılar üçün əsas üstünlüyü yalnız zəmanətin özü deyil, həmin
zəmanətin yaratdığı uzunmüddətli maliyyələşdirmə imkanlarıdır.
“Bu gün bir çox borcalanın müxtəlif maliyyələşdirmə mənbələrinə çıxışı var. Lakin daha çətin məsələ investisiyanın iqtisadi ömrünə uyğun ödəniş müddətləri ilə uzunmüddətli maliyyələşdirmə əldə etməkdir. Məhz burada ixrac kreditləri üzrə təminatla dəstəklənən maliyyələşdirmə əhəmiyyətli əlavə dəyər yarada bilər”, – deyə o vurğulayıb.
G.Hekmanın sözlərinə görə, Almaniyanın ixrac kreditləri sistemində maliyyələşdirmə müddəti 15 ilədək, bəzi sektorlar üzrə isə 22 ilədək ola bilər. Bu imkanlar cəlbedici maliyyələşdirmə şərtləri və proqnozlaşdırıla bilən ödəniş qrafiki ilə birləşdirilir.
“Bərpa olunan enerji, infrastruktur, nəqliyyat və sənayenin inkişafı kimi kapital tutumlu investisiyalar üçün bu, bazarda mövcud olan, lakin əhəmiyyətli dərəcədə daha qısa müddət və ödəmə müddətləri təklif edən maliyyələşdirmə mənbələri ilə müqayisədə həlledici üstünlük ola bilər”, – deyə G.Hekman bildirib.
O, Türkiyəni buna nümunə göstərərək qeyd edib ki, Almaniyanın
ixrac kreditləri ilə dəstəklənən maliyyələşdirməsi bu ölkədə
uzunmüddətli vəsaitlərin əsas şərt olduğu iri investisiya
layihələrinin həyata keçirilməsinə töhfə verib.
“Almaniya texnologiyasının rəqabətqabiliyyətli maliyyələşdirmə
şərtləri və infrastruktur layihələrinin uzunmüddətli iqtisadi
xüsusiyyətlərinə uyğun ödəniş müddətləri ilə birləşməsi borcalanlar
və layihə sponsorları üçün olduqca cəlbedici olduğunu sübut edib.
Bu gün Türkiyənin ixrac kreditləri üzrə zəmanətlər portfelində ən
mühüm bazarlardan biri olduğunu deyə bilərik”, – deyə o
bildirib.
G.Hekman Azərbaycanın da oxşar potensiala malik olduğunu vurğulayıb.
“Azərbaycan infrastruktur, enerji və iqtisadiyyatın şaxələndirilməsi kimi sahələrdə iddialı planlara malikdir. Maliyyələşdirmə müxtəlif mənbələrdən əldə oluna bilsə də, ixrac kreditləri üzrə təminatla dəstəklənən maliyyələşdirmə daha uzun müddətlər, daha yüksək maliyyə təminatı və uzunmüddətli investisiya layihələrinə uyğun maliyyələşdirmə strukturu təklif etməklə dəyərli tamamlayıcı vasitə ola bilər”, – deyə Almaniya rəsmisi qeyd edib.
Onun sözlərinə görə, həyata keçirilən islahatlar Almaniya ixracatçıları üçün çevikliyi və rəqabət qabiliyyətini artırmaqla yanaşı, borcalanların Almaniya texnologiyası və ekspertizasına çıxışını genişləndirir.
“Modernləşdirmə paketi sadəcə texniki dəyişiklik deyil. Məqsəd Almaniya ixracatçılarının və onların beynəlxalq tərəfdaşlarının müasir qlobal iqtisadiyyatın reallıqlarına uyğun maliyyələşdirmə strukturlarına çıxışını təmin etmək və iddialı investisiya ideyalarını konkret, bank tərəfindən maliyyələşdirilə bilən və iqtisadi baxımdan dayanıqlı layihələrə çevirməyə kömək etməkdir”, – deyə G.Hekman əlavə edib.
