Bakı. Trend:
Almaniyanın ən iri və aparıcı banklarından biri olan “Commerzbank AG” bankı Azərbaycanda, xüsusilə külək və günəş enerjisi sahəsində bərpa olunan enerji layihələrinin uzunmüddətli maliyyələşdirilməsi imkanlarını araşdırır.
Bunu “Commerzbank AG”nin təmsilçisi Oliver Roz çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, “Commerzbank” Azərbaycanda uzun müddətdir fəaliyyət göstərən tərəfdaşlardan biridir və bank xaricdən, əsasən Avropa, ABŞ və Asiya kimi inkişaf etmiş iqtisadiyyatlardan avadanlıq və təchizat cəlb edən investisiya layihələrinin ixrac kredit agentlikləri (ECA) tərəfindən təmin olunan maliyyələşdirilməsində iştirak edir.
“Biz Azərbaycanda uzun müddətdir tərəfdaşıq. Əvvəllər burada ofisimiz fəaliyyət göstərirdi, hazırda isə Azərbaycan üzrə işlərimizə Özbəkistandakı Daşkənd ofisimiz vasitəsilə nəzarət edirik. Əməkdaşlıq üçün çoxlu potensial imkanlar var. Xüsusilə uzunmüddətli maliyyələşdirməyə ehtiyac duyulan bir sıra bərpa olunan enerji layihələri mövcuddur və bu, bizim təqdim edə biləcəyimiz imkanlardan biridir”, - deyə O.Roz qeyd edib.
“Commerzbank” təmsilçisi Azərbaycanın bərpa olunan enerji sektorunda layihələrin maliyyələşdirilməsinə maraqlı olduqlarını vurğulayıb.
“Hazırda konkret layihəmiz yoxdur, lakin əsasən külək enerjisi istiqamətində layihələr axtarırıq. Bu sahədə maliyyələşdirmə təqdim edə bilərik. Bizim təklif edə biləcəyimiz əsas imkanlardan biri çox uzunmüddətli maliyyələşdirmədir. Bu müddət hətta 20-22 ilə qədər çata bilər. Bu, bərpa olunan enerji layihələri üçün zəruri olan maliyyələşdirmə növüdür”, - deyə o bildirib.
O.Roz Azərbaycanın bərpa olunan enerji potensialını yüksək qiymətləndirib.
“Potensial çox böyükdür. Azərbaycanın hazırkı enerji balansına nəzər salsaq, enerji istehsalının təxminən 90 faizinin mədən yanacaqlarından asılı olduğunu görərik. Eyni zamanda, ölkədə çoxlu günəş və külək enerjisi potensialı var. Bundan istifadə etmək lazımdır və bunun üçün uzunmüddətli maliyyələşdirmə də tələb olunur”, - deyə bank nümayəndəsi vurğulayıb.
O əlavə edib ki, bank Azərbaycanda külək və günəş enerjisi üzrə konkret layihələrin maliyyələşdirilməsi imkanlarını araşdırır.
“Hazırda külək və günəş enerjisi sahəsində layihələr axtarırıq. Eyni zamanda, yerli Azərbaycan bankları ilə geniş müzakirələr aparırıq ki, hansı istiqamətlərdə əməkdaşlıq edə biləcəyimizi müəyyənləşdirək. Çünki onlar yerli bazarda öz müştərilərini və onların ehtiyaclarını daha yaxşı tanıyırlar”, - deyə O.Roz qeyd edib.
